İordaniya qəzeti Ermənistandakı məxfi bioloji laboratoriyalardan yazıb

İordaniyanın “Əl Ənbat” qəzetində Ermənistanda məxfilik şəraitində fəaliyyət göstərən 12 bioloji laboratoriya barədə məqalə dərc edilib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, iordaniyalı akademik Mərvan Sudanın müəllifi olduğu yazıda erməni mənbələrinə istinadla Pentaqonun Ermənistanda qurduğu bu laboratoriyaların törətdiyi təhlükə barədə məlumat verilib. Müəllif qeyd edib ki, bununla bağlı ərəbdilli qəzet, agentlik və portallarda da materiallar yayımlanıb. Eyni zamanda, Ermənistandakı qeyri-hökumət təşkilatları və siyasi partiyalar bioloji laboratoriyalarda aparılan tədqiqatların açıqlanması tələbi ilə müxtəlif aksiyalar keçirib, hökumətdən izahat tələb ediblər. Bu ölkənin “Gənclər birliyi” təşkilatı həmin məxfi obyektlərdə monitorinq aparılması tələbi ilə nümayiş də təşkil ediblər.
Məqalədə qeyd olunub ki, Azərbaycanın Qarabağ bölgəsindən erməni silahlı dəstələrinin çıxarılması və sülh müqaviləsinin imzalanmasının müzakirə olunduğu bir şəraitdə Ermənistanın bütün Cənubi Qafqazda təhlükə mənbəyinə çevrilə biləcək bu cür məxfi bioloji laboratoriyaların fəaliyyətinə imkan yaratması yolverilməzdir. “Ermənistan hökuməti bununla bağlı müraciətlərə müsbət cavab verməli, bu məsələ ilə əlaqədar öz xalqına və dünya ictimaiyyətinə şəffaf şəkildə izahat verməlidir”, - deyə məqalənin sonunda vurğulanıb.

 

Oqtay Bayramov

Xudaferin.eu

22:19