İndoneziyanın “Miraj” xəbər agentliyi azərbaycanlı qaçqın və məcburi köçkünlər barədə məqalə yayıb

İndoneziyanın nüfuzlu “Miraj” Xəbər Agentliyi “Azərbaycan hələ də qaçqınlar problemi ilə üzləşir” sərlövhəli məqalə yayıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, məqalədə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış məcburi köçürülmə problemlərinə dair faktlar yer alıb. Azərbaycanda məcburi köçkün və qaçqınlar probleminin 1990-cı illərin əvvəllərində Ermənistanın xarici havadarlarının dəstəyi ilə ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzün və etnik təmizləmənin nəticəsi olaraq meydana gəldiyi vurğulanıb. 2020-ci ilədək Ermənistanın işğalı altında olan Azərbaycanın Qağlıq Qarabağ və ona bitişik yeddi rayonunun azad edilməsi ilə uzun müddət davam etmiş bu problemin həlli üçün şərait yarandığı vurğulanıb.

Yazıda münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının Ermənistandakı ata-baba yurdlarından və Azərbaycana məxsus torpaqlardan məcburi çıxarıldığı, onların müvəqqəti olaraq yerləşdiyi məkanlar barədə ətraflı məlumat verilib. Azərbaycanın Tərtər rayonunda yaşayan 85 qaçqın və məcburi köçkün ailəsinə diqqət çəkilərək, Ermənistanın mülkü obyektləri hədəf alan bombardmanı nəticəsində onların da əziyyət çəkdiyi qeyd edilib. Vurğulanıb ki, cəmi 10 milyon əhalisi olan Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var və bu, ölkənin dünya üzrə adambaşına düşən ən böyük qaçqın sayına malik olduğunu göstərir. 2000-ci illərin əvvəllərindən böyük iqtisadi inkişaf yaşayan Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün məsuliyyəti öz üzərinə götürdüyü, eyni zamanda, beynəlxalq təşkilatları bu işə davamlı şəkildə cəlb etdiyi də qeyd olunub.

2016-cı ilin aprelində işğaldan azad olunan Cocuq Mərcanlı kəndində aparılan uğurlu bərpa işlərinə diqqət yönəldilərək, bu kəndin sakinlərinin yenidən orada məskunlaşmasına xüsusi yer verilib. Azərbaycanda həyata keçirilən bu misilsiz layihə nəticəsində ilkin mərhələdə 23, daha sonra 150 ailənin öz doğma yurdlarına qayıtması üçün hökumət tərəfindən yüksək dəstək mühitinin yaradıldığı bildirilib.

Azərbaycan dövlətinin təqribən 30 il ərzində işğal altında olan torpaqlarını azad etdikdən sonra əsas prioritetinin bu əraziləri minalardan və digər partlayıcılardan təmizləmək, dağıdılmış yaşayış məntəqələrini bərpa etmək, qaçqınların öz torpaqlarına etibarlı şəkildə köçürülməsini həyata keçirmək olduğu qeyd edilib. Ermənistanın minalanmış ərazilərin xəritələrini hələ də Azərbaycana verməkdən imtina etməsinin prosesi ləngitdiyini təəssüflə qeyd edən müəllif, bu xəritələrin insanların həyatını xilas etmək, münaqişədən sonrakı bərpa və yenidənqurma prosesini sürətləndirmək üçün bir zərurət olduğunu vurğulayıb.

Azərbaycan ərazisində 3 onillik boyunca davam edən münaqişənin bitdiyi, xalqımızın bu torpaqlarda davamlı sülh, firavanlıq içində yamaq istədiyi xüsusi qeyd edilib. Bildirilib ki, münaqişənin səbəb olduğu əzab-əziyyətin azalması üçün lazımi humanitar tədbirlər görülməli və müxtəlif çətinliklərlə üzləşən bu insanların ləyaqətli həyatı təmin olunmalıdır.

Məqalədə Azərbaycan xalqının davamlı sülhün və firavan gələcəyin bərpası üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ümid etdiyi də əksini tapıb.

 

Vüqar Ağayev

Xudaferin.eu

13:32