Honda Taro: Azərbaycan regionda sülhün bərqərar olması baxımından vacib ölkədir

Milli Məclisin sədri Sahibə Qafarova mayın 5-də ölkəmizdə səfərdə olan Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yaponiyalı qonağı salamlayan Milli Məclisin sədri bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib.
Ölkələrimiz arasında əlaqələrin bugünkü vəziyyətinin məmnunluq doğurduğunu deyən Sahibə Qafarova Azərbaycanın Yaponiya ilə əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Bildirib ki, ölkələrimiz arasındakı fəal siyasi dialoq, sıx iqtisadi əməkdaşlıq ikitərəfli əlaqələrin digər sahələrdə də inkişafı üçün yaxşı zəmin yaradır.
Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu xatırladan Milli Məclisin sədri Yaponiyanın Cənubi Qafqazdakı ilk səfirliyini məhz Azərbaycanda açmasını ölkəmizlə münasibətlərə verilən əhəmiyyətin göstəricisi kimi qiymətləndirib. Sahibə Qafarova ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolunu qeyd edib, yüksək səviyyəli səfərlərin və səfərlər zamanı imzalanmış sənədlərin əhəmiyyətini vurğulayıb.
İki ölkənin qanunverici orqanları arasında əlaqələrdən danışan Sahibə Qafarova parlamentlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafındakı rolunu xüsusi qeyd edib. O bildirib ki, hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının işi təqdirəlayiqdir.
Parlamentin sədri yaponiyalı qonağa Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoyulması, işğal dövründə Ermənistanın binalar, infrastruktur, o cümlədən mədəni və dini abidələrimizi tamamilə məhv etməsi, işğaldan azad olunmuş ərazilərimizdə hazırda aparılan quruculuq və bərpa işləri, həmçinin mövcud mina problemi barədə məlumat verib.
Milli Məclisin sədri qeyd edib ki, hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə səylər davam edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə keçirilmiş üçtərəfli görüşdə müəyyən razılaşmalar əldə olunub. Ermənistan Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipi qəbul edir. Biz sülhdən və sabitlikdən danışırıq və inanırıq ki, tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaqdır.
Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Taro Honda səmimi görüş üçün minnətdarlığını bildirərək, Milli Məclisin sədri ilə görüşün onun üçün böyük şərəf olduğunu qeyd edib, ölkələrimiz arasında diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd olunması münasibətilə təbriklərini çatdırıb. O, ötən dövrdə Azərbaycanla Yaponiya arasında bir çox sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Nazir müavini Taro Honda qeyd edib ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi və regionda sülhün bərqərar olması baxımından vacib ölkədir. Azərbaycanın Yaponiya üçün mühüm tərəfdaş olduğunu deyən qonaq qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətindən danışıb. O, iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişaf etdiyini deyib və bu baxımdan qarşılıqlı səfərlərin xüsusi rolunu vurğulayıb.
Qonaq Yaponiya ilə Azərbaycan arasında əlaqələrin daha da fəallaşmasının və inkişaf etməsinin tərəfdarı olduqlarını diqqətə çatdırıb. Nazir müavini Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “yaşıl enerji” zonasının yaradılması, həmçinin həmin ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərində Yaponiya şirkətlərinin iştirakına dair iki ölkə arasında danışıqların aparıldığını da qeyd edib.
Söhbət zamanı, həmçinin tərəfləri maraqlandıran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əminə Ağazadə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada və digər rəsmi şəxslər iştirak ediblər.

Xudaferin.eu

20:34