Əhliman Əmiraslanov: Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində ölkəmizdə çoxpartiyalı parlament formalaşıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin altıncı çağırışının 2020-ci il martın 10-da keçirilən ilk iclasında söylədiyi nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi. Dövlətimizin başçısı Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı təhlillər apardı. Milli Məclis qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqlarına və inkişaf dinamikasına əsaslanan, quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edən yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev bildirib: “Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”. Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov söyləyib.
Komitə sədri bildirib ki, dövlətimizin başçısı İlham Əliyev beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına, beynəlxalq təmsilçilik məsələlərinə diqqətin zəruriliyini vurğulayaraq qeyd edib: “O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Demokratiyadan dərs vermək istəyənlər özləri cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər”.
Deputat qeyd edib ki, eyni zamanda, Azərbaycanda çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir.
“Beləliklə, Azərbaycanda sistemli islahatlar cari ildə də davam etdirilir, dövlət idarəetmə sistemi, icra və qanunverici hakimiyyəti və digər institusional sahələri əhatə edir. Prezident İlham Əliyevin Milli Məclisin VI çağırışının birinci iclasında bu mövzuya xüsusi diqqət ayırması, islahatların əhəmiyyətini və uğurlu nəticələrini diqqətə çatdırması göstərir ki, müasirləşməyə, yeniləşməyə, ölkəmizin daha da inkişafına xidmət edən bu siyasi kurs ardıcıldır və gələcək dövrlərdə də uğurla reallaşdırılacaq”, - deyə Ə.Əmiraslanov vurğulayıb.

Xudaferin.eu

14:51