GUAM-ın Katibliyində Novruz bayramı münasibətilə xüsusi təqdimat keçirilib

Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın Katibliyində Novruz bayramı münasibətilə xüsusi təqdimat keçirilib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bayram tədbiri GUAM Baş katibinin xanımı Şəfəq Orucova tərəfindən Ukraynada akkreditə olunmuş diplomatik nümayəndəliklərin həyat yoldaşları üçün təşkil olunub. Bayram gecəsində qonaqlar Novruz şənliyinin tarixi və təfərrüatları tanış olublar, o cümlədən zəngin mətbəximizin nümunələrinin və süfrələri bəzəyən bayram nemətlərinin dadına baxıblar.

Şəfəq Orucova bildirib ki, təbiətin oyanması və yenilənməsinin rəmzi olan Novruz bayramının mahiyyətində xalqın birliyi dayanır. Natiq Novruz bayramının Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığını və 2010-cu ilin fevral ayında BMT Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" barədə qətnamə qəbul edildiyini diqqətə çatdırıb. O, Novruz bayramının heç bir coğrafi sərhəd tanımadığını, Azərbaycandan tutmuş Türkiyəyə, Tatarıstandan, Başqırdıstandan başlamış Orta Asiyaya, Pakistandan, Əfqanıstandan, İrandan tutmuş Balkanlara qədər geniş bir ərazidə milli bayram kimi qeyd olunduğunu bildirib.

Emil Hüseynli
Xudaferin.eu

13:50