GUAM+ formatında yeni ölkə və beynəlxalq təşkilatlarla əməkdaşlıq sazişlərinin imzalanması istiqamətində danışıqlar aparılır

Cari il ərzində GUAM beynəlxalq əməkdaşlıq əlaqələrini gücləndirmək üçün ikitərəfli danışıqlar formatını intensivləşdirəcək.

GUAM-ın Milli Əlaqələndiricilər Şurasından Xudaferin.eu AZƏRTAC-a istinadən  bildiriblər ki, hazırda GUAM-ın 11 ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq formatı mövcuddur. Bu il GUAM+Kanada, GUAM+ABŞ, GUAM+Yaponiya, GUAM+Çexiya, GUAM+Polşa, GUAM+BMT, GUAM+Avropa İttifaqı, GUAM+Avropa Şurası, GUAM+ATƏT, GUAM+Baltik Assambleyası, GUAM+Vişeqrad əməkdaşlığının yeni mərhələyə çıxarılması, münasibətlərin səmərəliliyini artırmaq üçün görüşlər və müzakirələr aparılacaq.

Eyni zamanda, GUAM+ formatında yeni ölkə və beynəlxalq təşkilatlarla əməkdaşlıq sazişlərinin imzalanması istiqamətində siyasi direktorlar və ekspertlər arasında görüşün keçirilməsi nəzərdə tutulur. Hazırda GUAM+İsrail və GUAM+TÜRKSOY formatında əməkdaşlıq sazişlərinin imzalanması istiqamətində danışıqlar aparılır.

Qeyd edək ki, bu il GUAM-a sədrliyi Gürcüstan edir.

Emil Hüseynli

Xudaferin.eu

12:13