Gəlirimiz aybaay azalır

 

Əli Əliyev: “İnflyasiya ölkəyə idxal olunan məhsulların ekvivalentində 2 dəfə artıb”

 

Yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 14655,6 milyon manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1510,3 manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövr ərzində gəlirlərin 86,8 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 2,7 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 13409,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,9 faiz çox vəsait qalıb. 2016-cı ildə əhalinin gəlirlərinin dinamikası 100 faiz və yaxud 45395.1 milyon manat təşkil edib. Əvvəlki illərin göstəricisi ilə müqayisə etdikdə əhalinin gəlirlərinin azalmasının şahidi olmaq mümkündür. Azərbaycan əhalisinin əsas artım dövrü böyük neft gəlirlərinin daxil olduğu illərə təsadüf edir. Belə ki, əhalinin ən yüksək gəlirləri 2006-cı ilə təsadüf edib ki, bu da 142.7 faiz təşkil edib. 2007-ci ildə 142.4 faiz, 2008-ci ildə 109.0 faiz təşkil edib. Post-neft dövründə proses azalmaya doğru gedib və 2017-ci ildə daha da sürətlənib. Statistika Komitəsi isə kəskin şəkildə dəyərini itirmiş manatları müqayisə etməklə əhali gəlirlərinin 6.8 faiz artmasından danışır. Reallıq ondan ibarətdir ki, əhalinin həyat səviyyəsi günü-gündən pisləşir, bazarlarda qiymət pik həddə çatıb. Komitə isə bu gerçək mənzərəni nəzərə alınmadan uzun-uzadı hesablamalar aparır. Gəlirlərin hansı mənbə hesabına artması belə əsaslandırılmır. Belə yolla əldə olunmuş rəqəmlər ancaq ictimaiyyəti çaşdırmağa yarıya bilər.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri azalıb: “Çünki inflyasiya ölkəyə idxal olunan məhsulların ekvivalentində 2 dəfə artıb. Bunu hesablamaq üçün dərin riyaziyyatçı və yaxud da iqtisadçı olmağa ehtiyac yoxdur. Azərbaycanın milli valyutası ötən illə müqayisədə təxminən 80-90 faiz ucuzlaşıb. Bu o deməkdir ki, ölkəyə kənardan gətirilən məhsullar manat ekvivalentində həmin nisbətdə ən az bahalaşıb. Bu, bir faktdır. Mərkəzi Bankın istər o dövr, istərsə də bu dövr üçün rəsmi məzənnə məlumatları var. Ölkədə istehlak edilən malların 80 faizi kənardan gətirilir. Həmin məhsulların qiyməti təxminən iki dəfəyə yaxın artıb. Əhalinin alıcılıq qabiliyyəti isə cəmi 10 faiz olub. Statistika Komitəsi bu gəlirləri haradan götürür, necə hesablayır bunu özündən soruşmaq lazımdır. Azərbaycanın dövlət qurumları bütövlükdə ictimai rəyi öz xeyirlərinə yönləndirmək üçün belə yalan məlumatlar verirlər. Televiziyalarda dövlət hesabatlarına baxanda Azərbaycanda hər şey ideal görünür. Amma real həyata dönüb baxanda, insanların ailə büdcəsinə diqqət yetirəndə görürük ki, deyilənlərlə real həyat arasında kəskin fərq var. Ona görə də Statistika Komitəsi və ona bənzər qurumların heç biri düz danışmır. Bu, onların dövlət siyasətidir”.

 

Yeganə Oqtayqızı

Cebhe.info

 

20:18