Fuat Oktay: Hədəfimiz ikitərəfli ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırmaqdır

Azərbaycan-Türkiyə ikitərəfli ticarət əlaqələri 2020-ci ildə əvvəlki illə müqayisədə 14 faiz artaraq 4,6 milyard dollara çatıb. Hədəfimiz 2023-cü ildə 15 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaqdır.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının iclasından sonra mətbuat konfransında söyləyib.

2019-cu ilin sentyabrında Bakıda keçirilən toplantıda iqtisadi və ticari əlaqələri inkişaf etdirmək üçün önəmli qərarlar qəbul olunduğunu xatırladan Fuat Oktay deyib: “Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu qərarların 62 faizi bir il ərzində icra edildi. Bugünkü iclasımızda isə sənaye və texnologiya, enerji, müdafiə, mədəniyyət və turizm, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil, gənclər və idman kimi sahələrdə əməkdaşlıq imkanlarımızı müzakirə etdik və bir sıra önəmli qərarlar qəbul olundu. Xüsusi vurğulamaq istərdim ki, razılığa gəldiyimiz fəaliyyət istiqamətləri arasında Ermənistanın işğalından azad edilən bölgələrin inkişafı və yenidən dirçəldilməsi məsələsi prioritet sahələrdəndir”.

Vitse-prezident qeyd edib ki, Qarabağda “ağıllı şəhər” modeli ilə dövrümüzün tələblərinə uyğun infrastrukturun yaradılması, kommunikasiya və enerji xətlərinin yenilənməsi, “Yaşıl enerji” konsepsiyasının həyata keçirilməsi, kənd təsərrüfatının dirçəldilməsi, mədəni abidələrin bərpası üçün Türkiyə tərəfi azərbaycanlı qardaşlarına hər cür dəstək verəcək.

Xudaferin.eu

11:45