Fransa səfiri: Azərbaycan müsəlman dünyasının ən dərin dünyəvi dövlətlərindən biri kimi özünü təsdiqləyib

İnanıram ki, bu il həqiqətən də Azərbaycanla Fransa arasında münasibətlər üçün yaxşı il olacaqdır.

Azərbaycan ötən illə müqayisədə 2022-ci ilə yaxşı durumda daxil olur. Ermənistanla mümkün sülh perspektivi heç vaxt bu qədər inandırıcı olmayıb. Ölkə daxilində məcburi köçkün düşmüş insanların öz torpaqlarında yenidən məskunlaşdırılması layihəsi konkretləşir, neft və qazın qiyməti Azərbaycan üçün əlverişlidir, rəsmi Bakının böyük qonşuları və əsas xarici tərəfdaşları ilə münasibətləri xeyli yaxşıdır.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirlər Fransanın Azərbaycandakı səfiri Zakari Qrosun 2022-ci il münasibətilə təbrik mesajında yer alıb.

Səfir bildirib ki, Fransanın növbəti altı ayda sədrlik edəcəyi Avropa İttifaqı ilə Azərbaycanın əlaqələri son bir ildə, o cümlədən dekabrın 10-da keçirilmiş Şərq Tərəfdaşlığı Sammitində möhkəmlənib. Avropa İttifaqının 27 dövləti Azərbaycana regional bağlantı, davamlı inkişaf, iqtisadiyyatın şaxələndirilməsi naminə konkret öhdəliklərlə dərin əməkdaşlıq təklif edir. Bu əməkdaşlıq böyük beynəlxalq çağırışlarla üzləşən daha suveren Avropa və Azərbaycana xidmət edə bilər və etməlidir.

Fransa Prezidentinin son bir ildə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın təşviqinə ən çox vaxt və səy sərf edən Qərb lideri olduğunu vurğulayan Zakari Qros əmin olduğunu bildirib ki, bu səylər 2022-ci ildə də davam etdiriləcək. Fransa hökuməti istənilən münaqişənin doğurduğu gərginlik dövründə də beynəlxalq öhdəliklərinə uyğun balans xəttini qoruyub saxlayıb, Cənubi Qafqazın üç dövlətinə öz dostluğunu və hörmətini bir daha təsdiq edib.

Səfir diqqətə çatdırıb ki, Fransa səfirliyi 2022-ci ildə əməkdaşlıq imkanlarının, o cümlədən minaların təmizlənməsi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin müəyyən edilməsinə köməyi, xüsusən də Fransanın su və enerji şəbəkələrinin yenilənməsi üçün öz təcrübəsini və maliyyəsini təklif etdiyi Ağdamda regional inkişafın həyata keçirilməsinə diqqət yetirəcək. Əlbəttə ki, təhsil və mədəniyyət sahələrində də əməkdaşlıq, o cümlədən Azərbaycan-Fransız Universiteti və Bakı Fransız Liseyi kimi mükəmməl təhsil müəssisələrinin xeyrinə davam etdiriləcəkdir.

Diplomat bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən bəri uzun bir yol qət edib. Azərbaycan Sovet İttifaqının dağılması ilə tənəzzülə uğrayan iqtisadiyyatını bərpa edərək, müsəlman dünyasının ən dərin dünyəvi dövlətlərindən biri kimi özünü təsdiqləyib. Azərbaycan indi daha inklüziv, daha sosial, daha demokratik, innovativ və kreativ cəmiyyətə doğru irəliləmək üçün resurslara malikdir. Rəsmi Bakı, həmçinin Ermənistanla sülh təşəbbüsü həyata keçirməklə, iqlim dəyişikliyi və COVID-19 ilə mübarizə səylərini birləşdirməklə, biomüxtəlifliyin qorunması, qadın hüquqlarının təşviqi və kibertəhlükəsizlik təşəbbüsləri ilə regional və beynəlxalq təhlükəsizliyin təminatçısı olmaq vasitələrinə malikdir.

Xudaferin.eu

23:37