Etibarlı gələcəyin inşası...

Bir neçə gün əvvəl Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Proqramın adından da göründüyü kimi, o, 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərini özündə ehtiva edir. Burada, ilk növbədə, milli maraqlar və strateji planlamanın vəhdətini görürük. Azərbaycan fəlsəfi fikrində belə bir məşhur deyim var: “Milli olmayan bəşəri ola bilməz”. Ona görə də müstəqil dövlətimizin inkişafına, cəmiyyətin rifahına xidmət edən təşəbbüs və ideyaların toplusu olan Milli Prioritetlərin rəsmiləşməsi xüsusi önəm daşıyır. Biz milli dövlət, vətəndaş cəmiyyəti quruculuğu sahələrində özünəməxsus tərcümeyi-hala malikik. Digər tərəfdən, sıx beynəlxalq əlaqələr və əməkdaşlıq münasibətləri sistemi içərisindəyik. Bir sözlə, dövlətin bütün sahələr üzrə fəaliyyəti dünya birliyində layiqli yer tutmaq, xalqın rifah halını yaxşılaşdırmaq, ölkəni regional və beynəlxalq təbəddülatlara qarşı tam dayanıqlı, güclü və rəqabətli etməyə yönəlib. Bu isə milli qürur hissini gücləndirən əsas amil kimi xarakterizə oluna bilər.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Etibarlı gələcəyin inşası...” sərlövhəli məqaləsində yer alıb.

Q.Paşayeva məqaləsində bildirir ki, öz gələcəyini təsadüflərə, tendensiyalara bağlayaraq qeyri-müəyyənlik içərisində olan bəzi dövlətlərin siyasi rəhbərliyindən fərqli olaraq, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan dövləti məhz düşünülmüş, düzgün proqnozlaşdırılmış, əsaslı şəkildə planlaşdırılmış gələcəyin inşası ilə məşğuldur. Bunu biz 44 günlük Vətən müharibəsi nəticəsində məğlub etdiyimiz işğalçı Ermənistanın timsalında daha yaxşı müqayisə edə bilərik. Azərbaycan Prezidentinin kəlama çevrilmiş sözü ilə desək, “Endir o bayrağı dirəkdən, bük qoy cibinə” perspektivsizliyi ilə burun-buruna qalan bir dövlətin milli prioriteti, plan-proqramı nə olacaq? 30 il əvvəl müəyyənləşdirdikləri milli prioritetin aqibəti bəllidir. O milli tarixi vəzifə 130 il əvvəl “intişar” tapıb, regiona qan, kin-küdurət, dünya birliyinə başağrısından başqa heç nə verməyib. Yəni, o milli prioritet ki, bəşəri çağırışlarla təzad təşkil edir, regiona, qonşulara ziyan vəd edir, həmin prioritetlər heç onu elan edən dövlətə, quruluşa, xalqa da xeyir gətirməz. Mən Azərbaycanın elan etdiyi Milli Prioritetlərin humanitar təfəkkürün məhsulu olmasını, əməkdaşlıq ruhunu fərqləndirmək istərdim. Burada milliliklə bəşərilik bir-biri ilə sıx bağlı olub üzvi vəhdət səciyyəsi daşıyır.

Deputat diqqətə çatdırır ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Bir tərəfdən, risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahə prioritetlərinin müəyyənləşməsinə xidmət edən bu strateji idarəetmə metodu, eyni zamanda, ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyənləşdirir. Bu mənzərə yalnız sosial-iqtisadi, ictimai-siyasi xarakter daşımır, mədəni-mənəvi, psixoloji mahiyyət də kəsb edir. Bu Prioritetlər cəmiyyətə müsbət təkan verir, psixoloji ovqatı yaxşılaşdırır, ictimai fikrin düzgün qidalanmasına müsbət təsirini göstərir.

Sosial-iqtisadi sahədə olduğu kimi, mədəni həyatda da inamla böyük təkamül yolu keçən respublikamızın dünyada sabit, təhlükəsiz, çağdaş həyat səviyyəsini təmin etmiş ölkə kimi tanınması qürurvericidir. Ölkəmizin son illər artan templə artan beynəlxalq nüfuzu 44 günlük Vətən müharibəsindən sonra yeni məzmun qazanaraq, daha da yüksəlib.

İndi ölkəmiz yeni yol, enerji infrastrukturları, onların şaxələndirilməsi və yenilərinin açılması imkanları ilə fərqlənir.

Ermənistanla müqayisə barədə qeydlərə qayıdaraq deməliyik ki, Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaş ölkələrindən biri, başqalarını istismar etməyə, digərlərinə yük olmağa meyillənənlərdən tam fərqli olaraq, tərəqqipərvər, qazandıran və imkanlı ölkədir. Azərbaycan qürurlu ölkədir.

Milli Prioritetlərin mütləq üstünlüyü özünü bütün fəaliyyət sahələrində göstərir. Qarşıdakı onillikdə ölkəmizin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş Milli Prioritetinin qorunması və gerçəkləşdirilməsinə xidmət etmək hər bir vətəndaşın borcu, Azərbaycanda işləyən hər kəsin mənəvi öhdəliyidir. Bu, Milli Prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası baxımından da xüsusi önəm daşıyır:

- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

- Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Bəli, regionun yeni siyasi-iqtisadi gerçəkliyi yaranıb, bunu Azərbaycan dövləti, dövlət-xalq birliyi yaradıb. İqtisadi tərəqqi ölkəmizin inkişafını və xalqın rifahını təmin edir.

Milli maraqlar, yeni gerçəklik və çağdaş dövr Azərbaycan milli iqtisadiyyatı üçün yeni strateji vəzifələri diktə etməkdədir.

Xudaferin.eu

10:48