Ermənistanın məğlubiyyətini rəsmən təsdiqləməsindən iki il ötür

2020-ci il 10 noyabr tarixi həm Azərbaycan, həm də Ermənistan xalqlarının, eləcə də dünya ictimaiyyətinin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanması Azərbaycanı dünyada qalib, Ermənistanı isə məğlub dövlət kimi tanıtdı. Bununla da Ermənistanın 200 ildən çox davam edən işğalçılıq siyasətinə son qoyuldu. Bu gün ölkəmiz üçün tarixi bir gündür. Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 10-da xalqa müraciətində də bildirmişdi ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Bu gün kapitulyasiya aktının imzalanmasından iki il ötdüyünü deyən hüquq müdafiəçisi qeyd edib: “Bəyanatın birinci bəndində bildirilir ki, 2020-ci il 10 noyabr tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar”. Bu bənd müharibənin başa çatmasından, Ermənistanın öz məğlubiyyətini rəsmən təsdiqləməsindən xəbər verirdi. Kapitulyasiya aktına görə, noyabrın 20-də Ağdam və 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı və həmin ərazilərimizdə Dövlət Bayrağımız qaldırıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı”.

Ç.Qənizadə bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Qələbənin qazanılmasındakı rolu dünya miqyasında da yüksək qiymətləndirilir. Şanlı Zəfəri yaxınlaşdıran və reallığa çevirən səmərəli diplomatik fəaliyyət bütün soydaşlarımızı qürurlandırdı. Münaqişənin həlli üçün zəmin yaradan beynəlxalq fəaliyyət dövlətimizin başçısının düşünülmüş xarici siyasətinin nəticəsidir. “Azərbaycan münaqişə boyu bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və onun həlli üçün hüquqi baza hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması barədə qətnamələr qəbul ediblər. Bununla yanaşı, Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslar idi. Bu faktlar da təsdiqləyirdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Lakin Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edir, işğalçılıq siyasətindən əl çəkmir, sərhədboyu ərazilərdə təxribatlar törədir, dinc əhalini qətlə yetirirdi. Bu işğal əbədi ola bilməzdi. Ermənistanın 2020-ci il sentyabrın 27-də başladığı genişmiqyaslı təxribat sonradan öz başında çatladı”, - deyə hüquq müdafiəçisi qeyd edib.

Komitə sədri bildirib ki, müharibənin ilk günündən Azərbaycan Ordusu düşmənə ağır zərbələr endirdi. Elə həmin gün Füzuli rayonunun bir neçə kəndi işğaldan azad edildi. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Ordumuz oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad etdi. Ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olundu. Ermənistanın siyasi və hərbi rəhbərliyi vəziyyətin getdikcə ağırlaşdığını, xüsusilə Şuşanın Azərbaycan Ordusunun nəzarətinə keçdiyini hiss edəndən sonra məğlub olduğunu təsdiqlədi və noyabrın 10-da kapitulyasiya aktını imzalamağa razılıq verdi. Bununla da təslim olduğunu rəsmən təsdiqlədi.

“Bəyanatın imzalanmasından 2 il keçməsinə baxmayaraq, Ermənistan hələ də razılaşdırılmış bəndlərin bəzilərinin icrasına problem yaradır, müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından boyun qaçırır”, - deyən Ç.Qənizadə bildirib ki, hətta atəşkəs rejiminə riayət etmir, sərhədboyu ərazilərdə bir neçə dəfə təxribatlar törətməyə cəhd göstərib. Ancaq müzəffər Ordumuz dərhal düşmənin cavabını verib.

İşğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı, dünya ictimaiyyətini heyrətləndirən yenidənqurma, bərpa-tikinti işlərinin aparıldığını diqqətə çatdıran hüquq müdafiəçisi deyib ki, bununla yanaşı, həmin ərazilərdə yeni hərbi hissələr də yaradılıb. Bütün bunlar həm Ermənistana, həm də işğalçı ölkənin havadarlarına ciddi mesajdır: “Qarabağ Azərbaycandır!”.

Xudaferin.eu

16:18