Erməni yalanlarına "Rossiya" telegüzgüsü - Əliyev Paşinyanı belə susdurdu

Azərbaycan Prezidenti İlham Əliyevin "Rossiya -1" telekanalına müsahibəsini, yəqin ki, Ermənistan rəhbərliyi, özəlliklə də İlham Əliyevlə teledebata çıxan Nikol Paşinyan uzun müddət xatırlayacaq. Çünki bu, işğalçı ölkənin anti-Azərbaycan təbliğatını bütün istiqamətlər üzrə darmadağın edən və onun total yalanlarına güzgü tutan proqram xarakterli bir çıxış idi.

Nəzərə alsaq ki, Qarabağ uğrunda müharibə həm də informasiya məkanında gedir və Rusiya faktoru bu məsələdə mühüm önəmə malikdir, o zaman Rusiya ictimai rəyinin Azərbaycan üçün hansı kritik dəyərdə olduğu anlaşılar.

Çıxışın erməni təbliğatını alt-üst edən əsas məqamlarına diqqət edək.

Prezident öz çıxışında müharibənin səbəbkarı və təşəbbüskarı kimi haqlı olaraq Ermənistanı göstərdi. İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan sadəcə təcavüzkara, onun təxribatlarına adekvat cavab vermək, xalqımızı, insanlarımızı və torpağımızı müdafiə etmək zorunda qalıb. Zatən Ermənistan Silahlı Qüvvələrinin illərdir Azərbaycan ərazisində olması təcavüzkarın kimliyinə dəqiq şəhadət verir.

Çıxışdan digər mühüm məqam - "Türkiyə regionda sülhün təminatçısıdır, münaqişə tərəfi deyil".

Aydındır ki, Ermənistanın iddialarının əksinə olaraq, Türkiyənin rolu regionda sırf sabitləşdirici xarakter daşıyır. Çünki qardaş ölkə beynəlxalq hüquqdan çıxış edir, hər cür təcavüzə və etnik təmizlənmələrə qarşıdır. Təsadüfi deyil ki, Ermənistanın hücumundan dərhal sonra Türkiyənin dövlət başçısı və digər rəsmiləri birmənalı olaraq Azərbaycanı, beynəlxalq hüququ dəstəklədiyini bildiriblər. Yəni sırf mənəvi dəstək.

Türkiyənin guya münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı şayiələr, həqiqətən də, təxribat xarakteri daşıyır. Eyni zamanda, Azərbaycan Ordusunun gücünü şübhə altına almağa xidmət edir. Halbuki bütün nüfuzlu hərbi mərkəzlər ordumuzun işğalçı ölkəninkindən qat-qat güclü olduğunu, xüsusilə hava məkanında bu üstünlüyün qabarıq olduğunu təsdiqlərir. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında 51-ci, işğalçı ordu isə 94-cü yerdədir.

Qısası, Türkiyənin münaqişədə iştirakına heç bir zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. Əgər Türkiyə bizə hərbi dəstək versəydi, biz İrəvanı da azad edərdik.

"Azərbaycanın Ermənistanın torpaqlarında hərbi maraqları və hədəflərı yoxdur". Bunu da İlham Əliyev dedi.

Ermənistan isə israrla bunun əksini iddia etməklə konfliktə digər ölkələri, özəlliklə də Rusiyanı cəlb etməyə çalışır. Ermənistanın SU-25 döyüş təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən Ermənistan hava məkanında vurulması haqqında yayılan şayiədə əsas məram budur. Prezident haqlı olaraq vurğuladı ki, düşmən bununla Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq istəyir. Ermənistan belə təsəvvür yaratmaq istəyir ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışır.

"Azərbaycan müzakirələrdə hər zaman konstruktiv olub".

Prezidentin bu sözləri isə hətta müharibə gedə-gedə də Azərbaycanın ədalətli sülhə hazır olduğunun və sülhpərvər bir dövlət olduğunun mesajı idi. Yən bizim bir əlimizdə qılıncdırsa, digərində qələm tutmuşuq.

Daha bir mesaj: "Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan".

Zatən, son döyüş əməliyyatları da bunun bariz təsdiqidir. Öldürülən erməni hərbçilərinin mütləq əksəriyyəti Ermənistan ordusuna məxsusdur. Heç bir üzdəniraq "Dağlıq Qarabağın özünü müdafiə ordusu"ndan söhbət gedə bilməz. Bütün dünya da müharibədə iki tərəfdən danışır: Azərbaycan və Ermənistan.

"ATƏT-in Minsk Qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti də budur ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edilməlidir. Ermənistanın əsas müttəfiqi Rusiya da bunu deyir".

Hazırda Azərbaycan Ordusunun əməliyyatları da elə həmin işğal altındakı rayonlarda gedir. Buna Rusiyanın, bütövlükdə beynəlxalq birliyin hansı iradı ola bilər ki? Yoxdu da.

"Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma qəbuledilməzdir". İlham Əliyevin çıxışındakı mühüm ismarıclardan biri də bu idi.

"Ermənistan açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkaranə şəkildə edirlər", - deyib dövlət başçısı.

Ancaq Azərbaycan Ordusunun separatçı-işğalçı qüvvələrə endirdiyi sarsıdıcı zərbələrdən sonra çətin ki ərazilərimizdə hansısa Livan ermənisi, PKK, ASALA tör-töküntüsü qalsın. İşğalçıya verdiyimiz dərsin bir nəticəsi, sözsüz ki, bu olacaq.

"Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır".

Bunu da Prezident teleefirdə dedi və Ermənistanın təxribatlara əl atmasının bir səbəbi kimi oradakı daxili, siyasi böhranı göstərdi.

Sitat: "Bu gün Ermənistanda Soros rejimi mövcuddur. Paşinyan çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir. Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə hücum etməzdən iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir".

Bir ölkənin və xalqın ən böyük faciəsi də onun rəhbərinin xarici gücün təsiri altında buyruq qulu olmasıdır. "Rossiya"dan verilən daha bir mesaj bu idi.

“Azərbaycan Ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur".

Prezident beləcə Ermənistanın növbəti yalanını üzə çıxardı: "Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən qismən səfərbərlik elan edilib. 2 milyon əhalisi olan Ermənistana qarşı Azərbaycan 10 milyon əhalisindən 10 minlərlə ehtiyatda olanları orduya çağırır, insan ehtiyatlarına ehtiyacımız yoxdur. Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qadirdir ki, o, bir daha Azərbaycan tərəfə baxmağa cəsarət eləməsin".

Əminik, bu dəfə Azərbaycan Ordusu işğalçı qüvvələrə elə bir dərs verir və verəcək ki, Ermənistan bir daha işğal hayında olmayacaq və aldığı ağır yaraları uzun illər yalamaqla məşğul olacaq..

xudaferin.eu

11:25