Erməni sakinlərin “blokada”ya alınması barədə iddiaları tamamilə əsassızdır

Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaranması barədə iddiaları tamamilə əsassızdır.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığında bildirib.
Nazir ərazilərimizin 30 ilə yaxın davam etmiş işğalı zamanı və son dövrlər intensivləşmiş qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan vətəndaş cəmiyyətinin Laçın yolunda etiraz aksiyasının haqlı tələblərinin hələ də yerinə yetirilmədiyini qeyd edib.
Həmçinin gündəlik əsasda çox sayda Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya sülhməramlı kontingenti və digər humanitar məqsədli nəqliyyat vasitələrinin yoldan istifadə etdiyi barədə məlumat verilib.
Erməni sakinlərin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə ermənilərə yardım göstərmək niyyətləri barədə Azərbaycan tərəfinin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxslərin əhalinin yoldan istifadəsinə qarşı olması faktları diqqətə çatdırılıb.
Azərbaycan tərəfinin dialoqa sadiqliyi və bölgədə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa daim hazır olduğu vurğulanıb.

Xudaferin.eu

22:29