Erməni diversantları təhvil verməyək!

Rusiya o “əsirləri” geri istəməzdən əvvəl izahat verməlidir ki, necə olub ki, sülhməramlıların postları qurulduqdan sonra ermənilər Qarabağ meşələrinə sıza biliblər?

Vəziyyətin qəlizliyi göz qarşısındadır. Paşinyan-Putin görüşündən sonra Rusiya prezidenti Bakıya-Azərbaycanın dövlət başçısına zəng etdi.

Həmin saatlarda Rusiyanın baş prokuroru Ermənistandan Bakıya gəldi. Sonra İrəvanda “erməni əsirləri” Rusiya sülhməramlılarının rəhbərinin təyyarə ilə gətirdiyi xəbəri yayıldı. Təyyarədən isə ancaq Ruslan Muradov düşdü...Aeroporta axın edən erməni valideynlərin narazılığına rəğmən, Ermənistan rəsmiləri hansısa “razılaşmanın pozulduğunu” iddia etdilər.

Bu, hələ diplomatik cəbhədə aysberqin görünən tərəfidir. Aydındır ki, erməni terrorçularının azadlığa buraxılması ilə bağlı Bakıya daha ciddi basqılar var. Yaydakı növbədənkənar seçkilərdə postunu saxlamaq üçün Paşinyanın əlavə “xallar”a ehtiyacı var, bunun üçün isə ilk növbədə erməni terrorçularının qaytarılmasına nail olmalıdır. Rusiya prezidenti ilə görüşdə də mövzuya kifayət qədər yer ayrılıb. Ermənistan Rusiyanın “əsirlər” probleminin həllində də yenə açar fiqur olduğunu yaxşı anlayır. O səbəbdən, Kremldən gözləntiləri çoxdur. Rusiya hələ ki, ehtiyatlı davranmağa çalışır, rəsmilərin açıqlamalardan bunu görmək mümkündür. Amma məlumdur ki, onlar da Bakıya söz keçirməyin peşindədirlər, bu, onlar üçün çox əhəmiyyətlidir.

Bu da hələ son deyil. Erməni lobbisi həm Avropa insan hüquqları təşkilatlarını, həm sözləri keçən ölkələrin parlamentləri vasitəsilə Bakıya ard-arda bəyanatlar göndərirlər. Bayden administrasiyası Qarabağ münaqişəsinin həllindən özünü dışlanmış kimi görür, o səbəbdən indi necə deyərlər, “söhbətə girməyə” yerlər axtarır-gah Minsk Qrupu, gah insan haqları, gah da əsirlər məsələsini gündəmə gətirməyə çalışır. Paşinyan bu gün ABŞ-ın Ermənistandakı səfiri ilə görüşündə də Bakıya basqıları artırmağa çağırıb...

 Bakının isə dəyişməz mövqeyi ortadadır: həmin ermənilər 10 noyabr razılaşmasının təsiri altına düşmürlər, yəni hərbi əsir deyillər, Azərbaycanın ərazisinə qanunsuz daxil olmuş silahlılar, əsgərlərimizin qanını tökmüş cinayətkar, terrorçudurlar.

Ermənilər işğaldakı torpaqlarına getmiş Dilqəmlə Şahbaz üzərində qondarma məhkəmə qurmuş, onları “terrorçu” kimi ən ağır cəzaya məhkum etmişdilər. Azərbaycanın bütün cəhdlərinə rəğmən, Ermənistan onları geri vermədi, müharibədəki qələbəmiz olmasaydı, yəqin ki, hələ də həbsdə cürüyürdülər. Dilqəm
Rusiya vətəndaşı idi, amma Moskva bu məsələdə israrçı olmadı, əsirlərimizin qaytarılmasında heç bir beynəlxalq təşkilat da iş görmədi, yalnız “Qırmız Xaç” arada onlar baş çəkib, ailələrinə məktub gətirdilər. Onlar faktiki heç bir cinayət əməli törətməmişdilər, öz dədə-baba yurdlarına getmişdilər, heç bir razılaşmanı, beynəlxalq konfensiyanı da pozmamamışdılar. Amma yalandan bir nəfərin qətlini onların üzərlərinə qoyub, illərlə həm mənəvi, həm fiziki zülm etdilər.

Ermənilər işğaldakı torpaqlarına getmiş Dilqəmlə Şahbaz üzərində qondarma məhkəmə qurmuş, onları “terrorçu” kimi ən ağır cəzaya məhkum etmişdilər, müharibədəki qələbəmiz olmasaydı, yəqin ki, hələ də həbsdə cürüyürdülər...

İndi xeyir ola, torpaqlarımıza diversiya törətməyə gəlmiş, həm də bütün beynəlxalq konvensiyaları, ölkəmizin suveren sərhədlərini pozan silahlıları təhvil verməlidi? Hansı əsasla, hansı haqla beynəlxalq fırıldaqçı təşkilatlar, parlamentlər, dövlət rəhbərləri onları Azərbaycandan geri istəyirlər?

Sülhməramlıların komandanı Ruslan Muradov təcrübəli generaldır, qaynar nöqtələrdə görəvdə olub. Sirr deyil ki, ermənilərin qanunsuz olaraq Laçın koridorundan keçərək Xocavənddə dağlarda özlərinə düşərgə salmaları, Azərbaycan əsgərinə hücumlar etməsi həm də onun məsuliyyətidir. Rusiya o “əsirləri” geri istəməzdən əvvəl izahat verməlidir ki, necə olub ki, sülhməramlıların postları qurulduqdan sonra ermənilər Qarabağ meşələrinə sıza biliblər?

Bu aylar ərzində Rusiya Müdafiə Nazirliyi bu barədə açıqlama verməyib. Halbuki ortada razılaşdırılmış xəritə var, Laçın koridoruna da nəzarət sülhməramlıların nəzarətindədir. Yəni bu məsələnin şişməsi, əsgərlərimizin həyatına edilmiş qəsddə Rusiya da məsuliyyətini anlamalı, səhvlərini etiraf etməli, ya da izah etməlidirlər ki, lap silahsız olsa da, bu saqqalı, saqqalsız dığalar müharibə alovu tam sönməmiş Qarabağa getməyə niyə həvəsləniblər. Adi məntiq deyir ki, bunu ən azı onlardan soruşmalı idilər. Həm də ermənilər 5-10 nəfər olmayıblar, ən azı 60-70 diversantdan söhbət gedir...

İrəvanda hökumətə yaxın siyasətçilər deyirlər ki, Bakı “əsirləri” Ermənistanda gərginliyi artmaq üçün vermir. Ermənistanda gərginlik acı məğlubiyyətə görə səngimir. Amma o da həqiqətdir ki, anti-Paşinyan qüvvələr terrorçuların qaytarılmamasından məmnundurlar. Onlar bu məsələdə asanlıqla spekulyasiya edirlər və narazı valideynləri hökumətin üzərinə yönləndirlər.

Ermənilər hansı razılaşmanın pozulmasından danışırlar axı? Son iki gündə İrəvanda etiraz aksiyası keçirənlər təkcə övladları itkin düşmüş valideyinlər deyil, onlara qoşulanlar arasında Qarabağda hələ də “hərbi xidmət” keçənlərin yaxınlar da var. Onlar övladlarının Qarabağda hərbi xidmət etməsinə etiraz edirlər, övladlarının Azərbaycandan Ermənistana qaytarılmasını tələb edirlər. Razılaşmanın pozulması budur, cənablar! Rusiya və digər erməni canıyananlar niyə 10 noyabr anlaşmasında qoşunların Qarabağdan çıxarılması barədə bəndin icrasını Ermənistandan tələb etmirlər? Xankəndində hələ də “qondarma qurumlar”, əldəqayırma “nazirlər” olduğu necə, razılaşmanın pozulması deyilmi?

Təzyiqlərə baxmayaraq, Bakı tam üstün mövqedədir və terrorçuları verməməkdə israrı tam haqlıdır. Mənə qalsa, bir vətəndaş kimi verməyin, deyərdim. Onların burada mühakimə edək, cəzalarına kəsək, sonrasına...sonra baxarıq 

Nazim SABİROĞLI

11:17