Düşmən işğalından azad edilən Qubadlı bu gün yeni inkişaf dövrünü yaşayır

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və dağıntılara məruz qalmış Qubadlı rayonu 27 ildən sonra azad edildi. Bu gün həmin tarixə bir daha nəzər saldıqda bəlli olur ki, 2020-ci il oktyabrın 15-i 44 günlük Vətən müharibəsinin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra növbəti istiqamət Qubadlı rayonuna idi. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

R.Vəlibəyov bildirib ki, Azərbaycan Ordusu fədakarlıq göstərərək həmin yüksəklikləri götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Ümumilikdə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15209 hərbi qulluqçu isə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

Onun sözlərinə görə, Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırırdı. Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdılar. Halbuki Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Əlbəttə ki, Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir.

“İki il öncə işğaldan azad olunmuş Qubadlı bu gün yeni inkişaf dövrünü yaşayır”, - deyən Ramil Vəlibəyov Qubadlı rayonunun bütün kəndlərinin, o cümlədən Qubadlı şəhərinin yenidən qurulacağını bildirib. “Hazırda azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Eləcə də Qubadlıda çəkilmiş dördzolaqlı yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək”, - Ramil Vəlibəyov qeyd edib.

Xudaferin.eu

15:27