DÜNYA TÜRKLƏRİNƏ MÜRACİƏT-ÇAĞRI

Yüz ildən artıqdır ki, türk ulus və elləri üzərində bütün türklərin birləşməsi, min ildən artıqdır ki, yaşadığımız və getdikcə dərinləşməkdə olan süni bölünmə və parçalanmanın aradan qaldırılması ideyası gəzir. Türklərin bir bütün olaraq birləşməsi kəskin zərurətə, ucadan səsləndirilən sosial tələbə çevrilmiş, gözəl xalqımızın bütün təbəqələrinin təkidli tələbinə dönmüşdür.

BAŞLICA MƏQƏSƏDİMİZ –TÜRKLƏRİN BİRLƏŞMƏSİDİR!

Bu məqsədlə ən geniş təmsilçilikli, dini mənsubiyyətindən, siyasi mövqeyindən, mədəni zövqlərindən asılı olmayaraq, hər türk elindən bütün təbəqələrin iştirakının təmin olunduğu, miqyasına görə Çingizxan Qurultayıyla müqayisə olunacaq  Böyük Türk Qurultayını çağırmağı təklif edirəm. Öncədən qeyd etmək istəyirəm ki, Qurultay heç bir siyasi məqsədlər güdmür, heç bir siyasi mənfəətə iddia etmir, hər hansı bir dövlətin daxili işlərinə müdaxiləni qətiyyən mümkünsüz sayır, hər hansı bir xalqın və ya dinin əleyhinə yönəlməmişdir. Tək məqsədimiz bütün dünya türkləri arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, böyük türk evimizin içində illərlə, əsrlərlə qalaqlanmış  problemlərin həll olunması, dünya türklərinin birləşməsidir, burada söhbət dövlətlərarası, siyasi birlikdən deyil, xalq səviyyəsində birlikdən gedir. Qurultay beynəlxalq hüququn bütün əsas prinsip və normalarını tanıyır, hər bir dövlətin daxili qanunvericiliyinə hörmət və riayət edir. Dövlətlərimizi mümkün siyasi əngəllərdən qorumaq məqsədilə, Qurultayı müstəsna olaraq ictimai təşkilatların, özəl strukturların qüvvəsiylə çağırmağı zəruri hesab edirəm.

Qurultayın çağrılması üçün hər bir türk elinin təmsil olunduğu Böyük Türk Qurultayının Çağrılması üzrə Təşkilat Komitəsinin yaradılması lazımdır. Təşkilat Komitəsinin tərkibində hər türk elindən ağsaqqalların təmsil olunduğu, məşvərətçi orqan qismində çıxış edən Ağsaqqallar Şurası olmalıdır. Təşkilat Komitəsi öz məqsədləri üçün hər bir ölkə və eldə öz filialını, onlarsa öz növbəsində, yerlərdə bölmələrini yaratmalıdır. Onlar Qurultaya hazırlıqla, Qurultay üçün materialları hazırlayacaq mütəxəssislərin seçilməsiylə, ora göndəriləcək nümayəndələrin müəyyən olunmasıyla yanaşı Qurultay ideyasının – türklərin birləşməsi ideyasının təbliğiylə də məşğul ola və bu məqsədlərlə həmin tarixə kimi hər eldə, hər ulusda festivallar, elmi-praktik konfranslar və s. keçirə bilər. Lakin Qurultay sadəcə qurultay xətrinə, sadəcə görüşmək, sadəcə toplanıb, əylənib, dağılmaq məqsədilə deyil, onunçün xüsusi olaraq hazırlanmış materialların, sənədlərin qəbul edilməsi üçün çağrılmalıdır. Aşağıda Qurultay üçün hansı materialların gərəkli olmasına öz baxışlarımı açıqlamağa çalışacağam.

Bütün dünya türkləri qarşısında bütövlükdə və hər bir türk eli qarşısında ayrılıqda təcili həllini tələb edən çağrılar və problemlər var, əks təqdirdə bir xalq kimi yer üzünüdən silinib getmə təhlükəsiylə üz-üzəyik və belə gedəcək olsa, haqqımızda yalnız keçmiş zamanda danışılacaq. Bu, az qala hay-harayla özünü büruzə verən problemlərin heç birini ayrı-ayrılıqda həll etmək mümkün deyil. Lakin hələ XIX yüzilliyin sonunda irəli sürülmüş birləşmə ideyası indiyədək heç cür həyata keçirlimir. İstəklərimizlə gerçəklik arasındakı belə bir durumun obyektiv və subyektiv səbəblərinə detallı şəkildə baxmaq istəmirəm, bu çox yer tutacaq və uzun, gərəksiz mübahisələr doğuracaq. Birləşmə məqsədli konstruktiv təkliflərin irəli sürülməsi üçün belə səbəblərdən üzdə olan ikisini qeyd etmək yetərlidir.

  1. Birləşmə təklif edərkən hər bir türk elinin fərqli maraqlarını və xüsusiyyətlərini nəzərə almadan, konkret kiminsə bayrağı altında birləşməyi nəzərdə tuturdular. Bizlərə böyük qardaşlar lazım deyil, biz, sayımızdan, gücümüzdən, imkanlarımızdan asılı olmayaraq eyni hüquqlu əkiz qardaşlarıq.
  2. Daxili inkişaf məntiqi qaçınılmaz olaraq birləşməyə gətirib çıxardacaq mexanizm təklif olunmur, bu sahədə praktik işlər görülmürdü. Bu iş zəruri qərarlar qəbul etməyən, qəbul etdiyi qərarların isə həyyata keçirliməsinə nail olmağa çalışmayan toplantıların, konfransların, qurultayların keçirilməsiylə məhdudlaşırdı.

Yuxarıda qeyd olunan məqamlardan yola çıxacaq olsaq, böyük İsmayıl Qaspralının «Dildə, fikirdə və işdə birlik» sözlərini əsas götürməyi uyğun bilirəm. Bu sözlər sadəcə şüar kimi deyil, öz açılışını tələb edən birləşmə formulu, fəaliyyət planı kimi qəbul edilməlidir. Bu, kiminsə kənar, yad iradəsindən asılı olmayaraq, elə bütün türklərin birləşməsinə gətirib çıxaracaq həmin arzuolunan mexanizm olacaq. Bu formulun açılmını, detallara tökülməsini aşağıdakı şəkildə görürəm:

  1. Xalq kəlməsinə necə tərif verilməsindən asılı olmayaraq, onlar arasındakı başlıca sərhədd, hər bir xalq arasında fərqləri müəyyən edən əsas əlamət onun dilidir. İkidilli, ya da çoxdilli xalqların var olması mümkündür, lakin bu, istənilən halda onların digər bir dili öz ana dilləriylə yanaşı bildiyini göstərir. Hansısa digər bir xalqın dili naminə öz dilindən tamamən imtina edən xalq yoxdur. Məsələn, ingilisdilli xalqlar anlayışı habelə ingilis dilini də bilən xalqları göstərir, fransızdillilər öz dilləriylə yanaşı fransız dilini də bilənlərdir. Türkdilli xalqlar anlayışı tamamilə uydurma, süni, heç bir əsası olmayan anlayışdır. Türk dilində türkdilli xalqlar deyil, türklərin özləri danışırlar! Eynən, türklər yad bir dildən istifadə etmirlər, öz doğma dillərində danışırlar. Dilin belə önəmini nəzərə alacaq olsaq, ilk öncə dilimizlə məşğul olmamız lazımdır. Bu gün dilimiz türklərin tarixi yayılma arealının fərqli coğrafiyalarında get-gedə daha çox fərqlənməkdədir, fərqli türk elləri bir-birilərini çətin anlamaqda, bəzənsə qətiyyən anlamamaqdadılar. Öz aramızda kommunikasiyanı, qarşılıqlı anlaşmanı daha da asanlaşdırmaq üçün hər şeydən öncə dildə birliyimizi təmin etmək lazımdır. Yeni dil yaratmağımıza gərək yoxdur, o elə belə də ümumidir. Bəzi fərqləri və özəlliklərini nəzərə almasaq, dillərimiz əsas ölçülərinə, cümlə quruluşuna, qrammatikasına görə və s. eyni, bir olaraq qalır. Əsasən fərq, mahiyyət etibarilə eyni olan sözlərin tələffüzündədir. Deməli, səylərimizi unifikasiya olunmuş, vasitəsilə dildə birliyə nail ola biləcəyimiz və bizə tələffüzdəki fərqləri aradan qaldırmağa yardım edəcək sözlüyün hazırlanmasına cəmləşdirməliyik. Sözlük üzərində çalışmağa başlamazdan öncə, onun  üzərində işin çərçivələrini, prinsipləri bəlirləmək lazımdır, bu, hazırlanan sözlüyə tətbiqi xarakter verməyə yardım edəcək. Axı işimiz sırf elmi maraq daşımır, axı biz «rəfə qoymaq üçün» işləməyə hazırlaşmırıq, bu çalışma nəticələrin gündəlik həyatda tətbiq edilməsini hədəfləyərək aparılır.

Məlum olduğu kimi, türklüyün iki böyük, ana qolu var: oğuz-karluklar və qıpçaklar. Bu digər, nisbətən xırda qolların varlığını inkar etmir. Oğuz-karluklarda ellərin sayı az, fərdi dil daşıyıcılarınının sayı isə çoxdur, qıpçaklarda isə fərdi dil daşıyıcılarının sayı az olsa da, ellərin sayı nisbətən çoxdur. Bütün ellər üçün məqbul sözlüyün hazırlanması bu ellərdən hər birinə xüsusi diqqət tələb edir. Bu məsələdə bizə dahi türk, Çingiz Aytmatovun nüfuzu yardım edə bilər. O, əsas kimi oğuz-karluk ləhcəsini götürməyi, onu ərəb-fars və digər yad sözlərdən təmizləyərək, bu sözləri qıpçak və digər qruplardan təmiz türk sözləriylə əvəz etməyi, digərlərində belə sözlər olmadıqda isə türk kökləri əsasında yeni sözlər yaradılmasını təklif etmişdir. Çingiz Aytmatovun dahiliyi hər şeydən əlavə özünü burada da özünü açıq-aşkar göstərmişdir. O dəqiqliklə bilmişdir ki, dilimizin oğuz-karluk ləhcəsində ümumi söz ehtiyatının hardasa 50%-i ərəb, fars və digər mənşəli sözlərdir. Bu o deməkdi ki, yeni, unifikasiya olunmuş sözlükdə bu böyük türk qolları hətta sırf zahirən də demək olar ki, bərabər ölçüdə təmsil olunacaqlar. Öncə türk ellərinin ümumi sayını dəqiqləşdirək və onların bu və ya digər qola aid olmasını aydınlaşdıraq. Hesab edirəm ki, krım tatarları, qumuqlar, qaraçaylar, balkarlar kimi iki böyük türk qolu arasında ara mövqe tutan türk ellərini bu sözlüyün məqsədləri üçün oğuz-karluklara aid etmək olar. Bundan sonra daha yüksək milli şüura sahib alimlər sırasından hər bir eli təmsil edən filoloqlar seçə bilərik. Onların ümumi sayı 60 nəfər civarında olacaq. Onlardan hər biri ilə ayrı-ayrılıqda, işlərinə görə ödəmənin həcminin, işin, o cümlədən zaman baxımından çərçivənin müəyyən olunduğu, sözlük üzərində müəllif haqlarının bütün türklərə güzəştə gedilməsinin nəzərdə tutulduğu mülki-hüquqi anlaşma imzalanacaq. Bu, hər bir elin təmsilçisinin iştirak etdiyi kollektiv əməyin məhsulu, nəticə isə bütün türklərin kollektiv mülkiyyəti olacaq.

Bu alimlərin çalışmaları üçün rahat şərait yaratmaq məqsədilə onların hamısını hər hansı bir kurort bölgəsinə, məsələn, Gürcüstana  götürə bilər və orada onlar üçün bütün gərəkən imkanları yarada bilərik. İş sırf texniki xarakterlidir. Oğuz-karluk qoluna məxsus hər bir ləhcəmizin izahlı sözlüyü əsasında uyğun söz fondunun tam inventarlaşdırılmasını aparmaq, təmiz türk sözləriylə yad dillərdən alınma sözləri ayırmaq lazımdır. Alınma sözlərin olduğu qovluq, üzərində qıpçaq və digər türk ellərindən olan alimlərin işləməsi üçün kənara qoyulmalıdır. Qalan, təmiz türk sözləri üzərində isə unifikasiya işləri aparılacaq. Müxtəlif şəkildə tələffüz edilən eyni sözlər üçün bir, ümumi tələffüz forması seçiləcək. Belə seçim zamanı işçi qrupa daxil olan digər qruplardan olan və işin bu mərhələsində hər bir sözün seçimi zamanı səs vermə hüquqlu müşahidəçi kimi çıxış edən alimlər də iştirak edəcəklər. Eyni anlayış müxtəlif sözlərlə ifadə olunarsa, onların hər biri sinonim kimi sözlükdə saxlanılır. Bununla da sözlüyün oğuz-karluk əsası üzərində iş başa çatır. Qeyd etmək lazımdır, hətta bu sözlər digər türk ellərindəkilərlə eyni kökə malikdi, yəni 100% yalnız oğuz-karluklara aid sözlər deyil. Bundan sonra sözlük üzərində birbaşa işə digər qolların təmsilçiləri başlayır, bu dəfə isə oğuz-qarluk qrupunun təmsilçiləri işin bu mərhələsində müşahidəçi qismində, uyğun sözə türk dilində qarşılığın müəyyən olunması və seçilməsi mərhələsində isə səs hüququ ilə çıxış edəcəklər. Ehtimal edirəm ki, mahiyyət etibarı ilə bu texniki işin tamamlanmasına üç ay bəs edəcək. Lakin nəticədə əlimizdə Ümumtürk dili (Öztürk) sözlüyü olacaq.

  1. Hər bir xalqın mühüm özünü identifikasiya elementi, onun haqlı qürur qaynağı, təbii ki, əgər varlarısa, onların əlifbasıdır. Əlifba hanısa təsadüflərin, ekspromptun nəticəsi deyil, uzun sürən yaradıcılığın məhsulu, xalqın bütün inetellektual güclərinin səfərbər edilməsinin nəticəsidir. Əlifba özbaşına yaranmış cızma-qara deyil, o, həm də dərin sirrlərin şifrələndiyi kosmik informasiya daşıyıcısıdır. Hər xalqa öz əlifbasına sahib olmaq xoşbəxtliyi nəsib olmayıb, belə xalqları asanlıqla sayıb bitirmək olar. Və onlardan hər biri xüsusi diqqətlə öz əlifbalarını qoruyur, onun doğru istifadə olunmasına nəzarət edir və daha geniş yayılmasına çalışır. Belə xalqlardan biri də məhz bizim türk xalqımızıdır. Bizim damğamız dünyada ən qədim və orijinal əlifbalardan biridir və bir çox digər əlifbaların yaradılmasında əsas kimi çıxış etmişdir. O, yazılışında sadədir, formasına görə dəqiq, zərifdir və ən başlıcası, özümüzündür, təmiz türk əlifbasıdır. Bu əlifbaya dönməmiz xalqımızın yollarını azmış, özlərini itirmiş övladlarının daha tez özlərinə, öz evlərinə dönməsinə imkan yaradacaq, onlara öz aralarında birləşmək üçün əlavə identifikasiya amili, əlavə arqument verəcək. Öz əlifbamızın öyrənilməsi, onun öyrədilməsi heç də qəliz deyil, çin və digər xalqların heroqlifləri ilə, gürcü, erməni, efiop, tay, hind yazılarıyla müqayisədə isə həddən ziyadə asandır. Qeyd etmək lazımdır ki, yaşadığımız informasiya texnologiyaları yüzilliyində çap olunmuş, mövcud yazılı bütün materialları asanlıqla damğaya çevirmək mümkündür. Türklər özlərinin, doğma yazılarından – damğadan istifadə edəcəklər. Buna qədər hazırlanmış Öztürk sözlüyü isə əsil türk yazısıyla, damğayla gün işığı görəcək.
  2. Bütün türklərin zəif yeri onların əməlləriylə yaratdıqları tarix deyil (tariximiz gerçəkdən möhtəşəmdir), yadların qələmə aldıqları tariximizdir! Bu, bizim birliyimiz əleyhinə xüsusi diqqətlə hazırlanan və aparılan təxribat işinin bir istiqamətidir. Onu saxtalaşdıraraq bizi bir-birimizə qarşı qoyur, bizim sahib çıxmadığımız dəyərlərimizi məniməsyir, aşkarlığı və danılmaz olduğu üzündən mənimsəyə bilmədiklərini isə ya unutdurmağa, ya da önəmini azaltmağa çalışırlar. Həm maddi, həm də mənəvi tariximiz onu araşdıracaq, öyrənəcək, faktları gerçəkçi şəkildə dəyərləndirəcək, bir çox sirrləri açacaq, gizlinləri üzə çıxardacaq övladlarını, türkləri gözləyir. Bütün türkləri birləşdirəcək ən mühüm amillərdən daha birisi də bizim ortaq tariximizdir. Ortaq Türk Tarixini yazmaqla türklərin hələ də yuxuda olan qəlblərini çoxyüzillik yuxudan oyada, ortaq keçmişimizə maraq yarada, insanlarımıza ümunmtürk şüuru təlqin edə, onu inkişaf elətdirə bilərik. Bu məsələnin yerinə yetirilməsi üçün hər bir türk elimizdə yüksək milli ruha sahib, ortaq Türk Tarixi üzərində əsaslı şəkildə çalışmağa hazır olan gözəl tarixçi alimlərimiz var. Eynən filoloqlarla olduğu kimi, onlarla da öncədən uyğun anlaşmalar imzalayaraq, onlara normal iş iqlimi yarada bilərik. Belə əməkdaşlıq sayəsində hazırlanmış kitab ən geniş oxucu kütləsi üçün faydalı ola, məktəb dərslikləri üçün əsas kimi çıxış edə, hətta həm orta məktəblərdə, həm də ali məktəblərdə ayrıca fənn kimi tədris oluna bilər. Tarixə belə yanaşma türklərin daha bir-birilərinə yaxınlaşmasına qaçınılmaz olaraq yardım edərdi. Bu Tarix də damğayla Öztürk sözlüyü əsasında yazılacaq.
  3. Çağdaş dünyamızda həlledici yer tutan xalqların ya özlərinin xüsusi baxış sistemləri var, ya da var olan dünyagörüşü sistemlərindən hansınısa özlərinə uyğunlaşdırmış, işlərinə yarayacaq şəkildə modifikasiya etmişlər. Dünyaya fərqli baxış sistemi, yalnız bu xalqa məxsus xüsusi dünyagörüşü, din xalqı bri-birinə sementləyən, bütövləşdirən, yüziillərin, minillərin keçməsinə baxmayaraq, onun qorunub saxlanmasına yardım edən amillərdən biridir. Yaradana münasibət, Onunla qarşılıqlı əlaqə sistem və üsulları insanların gündəlik həyatında, xalqların dünyadakı yerində öz əksini tapır. Lakin türklərin bu məsələdə dünya xalqları arasında fərqli bir yeri var. Bizim qardaşlarımız arasında dünyanın bütün dinlərinin ardıcılları var, dünyadakı demək olar bütün konfessiyalarda öz təmsilçilərimizlə təmsil olunmuşuq. Bu durum türklərin fərqli inanclar arasında, bu yolla da xalqlar arasında körpü rolunu gücləndirir. Beləliklə, biz daha asanlıqla bəşəriyyətə yaşadığı uyqarlıqlararası böhrandan çıxış yolu, xalqlara bir-birilərilə ortaq dil tapmağa, sülhün və bütün dünyada təhlükəsizliyin təmin olunmasına yardım edə bilərik. Bu zaman sırf bizə xas olan dünyagörüş sistemimizin –Tanrıçılığın var olduğunu da nəzərə alacaq olsaq, bu amil bizim bütün xalqlar üçün körpü, xeyirxahlıq və ədalət daşıyıcıları movqeyimizi daha da gücləndirir. Türklər tarixən bütün inanclara və dünyagörüş sistemlərinə xüsusi tolerantlıqlarıyla, dözümlü münasibətlərilə fərqlənirdilər. Bizimçün heç bir inanc qeyri-məqbul deyildi, heç bir din günah, heç bir xalq hörmətsiz deyildi, biz hər kəsə Tanrının bərabər yaradılışları kimi münasibət göstərirdik. Tanrıçılıq türklərin ümumbəşəri mədəni, fəlsəfi, intellektual xəzinəyə önəmli bir töhfələri idi. Tanrıçılıq türk ruhunun, türk özəlliyinin, türk gücü və möhtəşəmliyinin formalaşmasında, bir sözlə, türkü türk edən hər bir şeydə həlledici yer tutmuşdu. Türklər üçün daha bir alternativ kimi qəbul edilə biləcək, əcdadlarımızdan bizə miras qalmış dünyaya bu dərin, zəngin baxışlar sistemi dünya türklərinin birləşmsində daha bir vasitə kimi çıxış edəcək. Bu məqsədlə, maraqlananlar üçün ən fəqrli suallara cavabların əks olunduğu Altun Bitiqin–Qızıl Kitabının hazırlanması məqsədəuyğundur. Bu Kitabın hazırlanması həyatın ən müxtəlif sahələrində biliklərin olmasını, onun yazılmasında filosofların, sosioloqların, etnoqrafların, tarixçilərin, ədəbiyyatçıların, rəssamların və s. iştirakını tələb edir. Bu iş türklərin birləşdirilməsi istiqamətində ən önəmli addımlardan biridir və onun yerinə yetirilməsi zamanı xüsusi incəlik, diqqət, əsaslılıq lazımdır. Türk ellərində bunun üçün gərəkli olan intellektual və elmi potensial var. Filoloqlar və tarixçilərlə olduğu kimi, burada da öncə bu işə cəlb olunacaq alimlərin çevrəsi müəyyən ediləcək, onlarla ödəmə şərtlərinin, iş çərçivəsinin, işin yerinə yetirilməsi müddətinin və s. əks olunduğu anlaşma imzalanacaq. Kitabda müəlliflərin adları göstərilməyəcək, onlar, anlaşma şərtlərinə uyğun olaraq, müəllif haqlarından türk biriliyi üçün imtina edəcəklər. Altun Bitiq yalnız Öztürk sözlüyü əsasında və damğayla yazılacaq.

Yuxarıda dörd bənddə qeyd olunan bütün işlər yerinə yetirildikdən, bütün bu materiallar hazırlandıqdan sonra qəbul etməsi üçün onları təklif edəcəyimiz Qurultaya getmək olar. Qurultayda bu sənədlər qəbul edildikdən, qurultaylararası dövrdə daim fəaliyyət göstərəcək orqanlar yaradıldıqdan sonra onun damı altında Türk Dünyasl İş Adamları Birliyinin, Türk Dünyası Qadınlar Birliyinin, Türk Dünyası Gənclər Birliyinin, Türk Dünyası Yaradıcı İnsanlar Birliyinin (hər mədəniyyət sahəsi üzrə birliklər mümkündür), Türk Dünyası Elm Xadimləri Birliyinin (hər elm sahəsi üzrə fərqli birliklər mümkündür) və s., habelə bizim ellərimizdə var olan bütün inanc və məzhəblərin təmsil olunduğu Dini Şuranın yaradılmasına xüsusi önəm verilməlidir.

Bu müraciət-çağrı türklərin birləşməsi məqsədilə diskusiyalar üçün əsas kimi çıxış edə biləcək layihədir və böyük xalqımızın taleyinə biganə olmayan hər kəsi onun müzakirəsində iştirak etməyə, ona qoşulmağa, burada ifadə olunan ideyaya öz münasibətini  bildirməyə dəvət edir, hər kəsdən bu çağrının yaşadığınız ölkə və bölgələrin dillərinə çevrilməsinə yardımçı olmağı və mümkün qədər geniş yayılmasında iştirak etməyi xahiş edirəm.

 

H ö r m ə t l ə,                                     İbrahim Xəlil Nəriman oğlu Balayoğulları

07.06.2016

Qutsal XAN TANRI,

QAZAX ELİ ilə QIRĞIZ ELİNİN birləşdiyi yer

Xudaferin.eu

14:49