Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var

Dünya azərbaycanlılarının təşkilatlanması və diaspor quruculuğunda ümummilli lider Heydərə Əliyevin mühüm rolu vardır. Dünya Azərbaycanlılarının ilk Qurultayı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli Sərəncamına əsasən həmin il noyabrın 9-10-da Bakıda keçirilib. Ulu öndər Heydər Əliyev proqram xarakterli nitqində “Mən fəxr edirəm ki, azərbaycanlıyam” şüarını səsləndirib.

Bununla yanaşı, 2006-cı il martın 16-da ll, 2011-ci il iyulun 5-6-da lll, 2016-cı il iyunun 3-4-də lV qurultayların keçirilməsi də göstərir ki, ölkəmizdə diaspor quruculuğu sahəsi hər zaman dövlətin strateji prioritetləri sırasında olub. Prezident İlham Əliyev daim bu sahəyə diqqət ayırıb və soydaşlarımızın təşkilatlanması işinə mühüm töhfələr verib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.

O bildirib ki, ötən dövrə nəzər saldıqda Azərbaycanın diaspor təşkilatlarının keçdiyi inkişaf yolu təqdir olunmalıdır. Əldə olunmuş nailiyyətlərdə, bir sıra uğurlarda, Azərbaycanın dövlət və milli maraqlarının müdafiəsində diasporun rolunun çox mühüm rolu xüsusilə vurğulanmalıdır. Bu sahəni əlaqələndirən Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi, 2018-ci ildə yeni “Strateji Yol Xəritəsi”nin işlənib hazırlanması və icrası, diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi sayəsində soydaşlarımız daha da təşkilatlanıb. Xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılmasında Diasporla İş üzrə Dövlət Komitəsinin əvəzsiz rolu var.

“Son dörd ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurasının, 12 ölkədə 18 Azərbaycan Evinin yaradılması (Tallin, Varşava, Budapeşt, Brüssel, Zalsburq, Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Saloniki, Tbilisi, Marneuli və Qardabani şəhərləri) soydaşlarımızın vahid ideya ətrafında birləşməsinə təkan verib. Bu birlik və həmrəyliyə biz Vətən müharibəsində də şahidlik etdik.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ̆” Azərbaycan məktəblərinin təsis olunması, bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşağın ana dilində təhsil alması da göstərir ki, xaricdə yaşayan soydaşlarımızın ana dilində təhsil alması üçün hər bir şərait yaradılıb.

Digər tərəfdən, diasporun Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyəti, Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirməsi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi Azərbaycan xalqının siyasi iradəsini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi”, - deyə politoloq qeyd edib.

İ.Hüseynov diqqətə çatdırıb ki, qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri xiyabanı, I və II Şəhidlər xiyabanlarını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər. Tədbirdə 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin mühüm siyasi əhəmiyyəti vardır. Mədəniyyət paytaxtımız Şuşa yenidən böyük tədbirə ev sahibliyi edəcək. Bu tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası da vardır. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti bu reallığı mümkün edib. Artıq dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Qələbəmizin rəmzi rolunu oynayan Şuşada toplaşacaqlar”, - deyən politoloq fikirlərini yekunlaşdırıb.

Xudaferin.eu

13:22