Dosta güvən, düşmənə göz dağı... - Azərbaycan-Türkiyə hərbi ittifaqı yeni mərhələdə

Ermənistanın avantürist siyasəti Qarabağ danışıqlarını mənasız, müharibəni qaçılmaz edib; rusiyalı politoloq: “Paşinyan üçün torpaqları Bakıya qaytarmaq özü haqda ölüm hökmü imzalamağa bərabərdir...”

Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi bu gün heç vaxt olmadığı qədər yüksək səviyyədədir və getdikcə daha dolğun məzmun qazanmaqdadır. İşğalçı Ermənistan və havadarları üçün mühüm çəkindirici faktor rolu oynayan bu müttəfiqliyin növbəti və qabarıq təzahürü özünü ötən həftəsonu Naxçıvanda göstərdi. Muxtar bölgədə 2 qardaş ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirildi.

Xəbər verildiyi kimi, təlimləri Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay şəxsən izləyib. Əməliyyat taktiki təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, təlimin keçirilməsində məqsəd iki ölkə silahlı qüvvələrinin birləşmə, hissə və bölmələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsindən, habelə Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, “Naxçıvan” Əlahiddə Əməliyyat briqadası və Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili və idarəetmənin təmin edilməsindən ibarət olub.

Naxçıvanda Azərbaycan-Türkiyə genişmiqyaslı hərbi təliminin birinci  mərhələsi keçirilib

Təlimin ssenarisinə əsasən döyüş atışlı mərhələ düşmənin mülki əhali arasında çaxnaşma yaradan və dövlət sərhədində təxribat törədən kəşfiyyat-diversiya qruplarının “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taboru və Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilməsi ilə başlayıb. Düşmən təxribatlarına cavab olaraq Əlahiddə Ümumqoşun Ordunun raket və artilleriya birləşmə və hissələri tərəfindən şərti düşmənə atəş zərbələri endirilib. Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə hücuma keçərək şərti düşmənin dayaq məntəqələrində canlı qüvvəsini, atəş vasitələri və zirehli texnikalarını məhv edib, hakim yüksəkliklərdə və əlverişli hədlərdəki mövqelərini ələ keçirib. Hücumun gedişində şərti düşmənin aviasiyası məhv edilib, kiçik ölçülü pilotsuz uçuş aparatları zərərsizləşdirilərək dərinlikdən hərəkət edən ehtiyatlarına aviazərbələr endirilib.

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi - YouTube

Sonda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə bayraqlarının, eləcə də kanatla desantın daşınması nümayiş etdirilib. Təlimdən sonra silahlanmaya yeni qəbul edilən hərbi radio-kəşfiyyat vasitələrinə baxış olub. Ordu komandanı, general-polkovnik Şərəf Öngay bildirib ki, birgə təlim Türkiyə-Azərbaycan qardaşlığının daha bir ifadəsinə çevrilib: “Ordular arasında ikitərəfli əlaqələrin genişləndirilməsi nəticəsində təlim planauyğun şəkildə icra olundu. Müasir silah və texnikalara sahib olmaq döyüşün qazanılması demək deyil. Vacib olan bu silah və texnikalardan peşəkarlıqla istifadə edə bilən şəxsi heyətin olmasıdır. Döyüş cəsur və igid əsgərlərlə qazanılır. Bu gün keçirilən təlim bunun bariz nümunəsidir. Təlim zamanı hədəflərin sərrast vurulması dosta güvən, düşmənə isə göz dağıdır”.

*****

Şübhə yox ki, Naxçıvanda davam edən hərbi təlimlər, bütövlükdə iki ölkənin vaxtaşırı həyata keçirdiyi ortaq hərbi manevrlər ordumuzun döyüş qabiliyyətini daha da artıracaq. Yeni və müasir silah və sistemlərdən hərbi əməliyyatlar zamanı daha effektli istifadəyə yardımçı olacaq. Türkiyəli ordu generalının söylədiyi kimi, döyüş ən əvvəl cəsur əsgərlərlə qazanılır. Azərbaycan Ordusu heç şübhə yox ki, məhz NATO üzvü olan qardaş Türkiyənin Silahlı Qüvvələrinin zəngin döyüş təcrübəsi sayəsində daha modern bir hala gələcək.     

GÜNÜN NƏBZİ - XOCAVƏND RAYON Icra Hakimiyyəti   

Bu arada məlum olub ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları Rusiyada keçiriləcək “Qafqaz-2020" təlimlərində iştirak etməyəcək. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. ”Cari ilin sentyabr ayında Rusiyada keçiriləcək “Qafqaz-2020" təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etməyəcək. Qeyd olunan hərbi təlimlərə, sadəcə olaraq, iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılır”, - deyə məlumatda bildirilir.

Əslində Rusiyanın işğalçı Ermənistanı silahlandırmağa davam etməsi fonunda gözlənilən qərar idi. Bakı beləcə, Rusiya ilə hərbi əməkdaşlığı minimal səviyyədə saxlamaqla prioriteti qardaş Türkiyə ilə hərbi əlaqələrə verməkdədir. Bu da məntiqlidir. Azərbaycan öz arxasını Türkiyə, Pakistan qismində bizə yalnız həqiqi mənada müttəfiq və dost olan ölkələrə, arxamızda həmişə etibarlı şəkildə dayanacaq dövlətlərə söykəyə bilər. Çünki Qarabağ müharibəsi hələ bitməyib. Sülh danışıqlarına olan inam isə əfsus ki, darmadağın olub. Bu da təcavüzkar tərəfin özünü hələ də “müharibə qalibi” ədası ilə aparması, konfliktin həlli üçün Azərbaycana qarşı absurd şərtlər irəli sürməsi, bu üzdən də tərəflərin mövqelərinin bir-birinə diametral zidd olaraq qalması ilə bağlıdır.

*****

 

Qarabağ konflikti ətrafında situasiyanı şərh edən rusiyalı politoloq Vitali Arkova görə, bu gün münaqişə tərəfləri konflikti vəziyyətə öz baxışları çərçivəsində həll etməyə çalışır: “Rəsmi İrəvandan ötrü işğal altındakı Azərbaycan rayonlarını - ”Dağlıq Qarabağ ətrafındakı təhlükəsizlik kəməri" adlandırılan ərazilərin belə geri qaytarılması milli xəyanətə bərabərdir. Bu gün Qarabağ Ermənistanın hakimiyyətini və xalqını birləşdirən yeganə mövzudur", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Köçəryan-Sərkisyan dövründə belə idi, Paşinyan dövründə - inqilab “tüstüsü” çəkiləndən sonra isə vəziyyət öz köhnə axarına lap tez qayıdıb: “Ermənistan sakinləri kədərlə anladılar ki, növbəti dəfə aldanıblar. Artıq ”parlaq gələcək" yenidən qeyri-müəyyən vaxtadək təxirə salınıb. Vaxt keçdikcə Paşinyan dövründə vəziyyət Sərkisyanın dövründəkindən də betər oldu. Belə vəziyyətdə Paşinyan üçün torpaqları Bakıya qaytarmaq - öz əli ilə özü haqda ölüm hökmü imzalamağa bərabərdir. Yalnız bir siyasətçi olaraq deyil. Məsələ ondadır ki, daşnaklar da bunu ona bağışlamazlar".

Ekspertin fikrincə, ilk olaraq Nikol Paşinyanın Qarabağ məsələsində mövqeləri yenidən nəzərdən keçirməklə bağlı açıqlamaları ilə həm Azərbaycan tərəfində, həm də beynəlxalq vasitəçilərdə nikbinlik yaratmağa çalışıb. “Ancaq artıq aydın olur ki, bu, yalnız Köçəryan-Sərkisyandan mümkün qədər fərqli görünmək məqsədi ilə edilirmiş. Odur ki, Qarabağ ssenarisi üçün Paşinyana yeni sözlər tələb olunurdu”, - deyə o qeyd edib.

Politoloqa görə, Nikol Paşinyan İrəvanın Dağlıq Qarabağ və Azərbaycanla münasibətlərə dair mövqeyinə yenidən baxacağı haqda vədi ilə əslində heç kimi aldatmayıb. “Həqiqətən də mövqeyə yenidən baxılıb, lakin neqativ istiqamətdə. ”Yenilik" odur ki, Nikol Paşinyanın özü “Artsax (Qarabağ) Ermənistandır və nöqtə” bəyanatı verir, Ermənistan silahlı qüvvələri isə Azərbaycana qarşı yeni hərbi təcavüzə əl atır. Biz həmçinin İrəvanın işğal altındakı torpaqları Yaxın Şərqdən gələn ermənilərlə məskunlaşdırmaq planlarından xəbərdarıq. Bütün bunlar açıq şəkildə Paşinyan hökumətinin əraziləri Azərbaycana geri qaytarmaq üçün heç bir real planının olmadığını göstərir", - deyə Arkov əlavə edib.

*****

Qarabağla bağlı danışıqlar prosesi ətrafında davam edən qeyri-müəyyənlik isə sövq-təbii müharibə riskini artırır. Çünki Azərbaycan mövcud status-kvo ilə, yəni öz ərazilərinin sonsuzadək işğal altında qalması ilə barışa bilməz. Sülhün alternativi isə müharibədir.     

“Hamı anlayır ki, sentyabr-oktyabr aylarında müharibə başlamasa, yaza qədər vəziyyət olduğu kimi qorunub saxlanılacaq”.

Rasim Musabəyov:

Bu fikri Teleqraf.com-a politoloq Rasim Musabəyov deyib.  O, erməni tərəfinin son dövrlər təxribatçı və avantürist xətt tutduğuna diqqət çəkib.

Politoloqun fikrincə, Ermənistan müdafiə naziri David Tonoyanın son açıqlaması bunu göstərir: “Onlar hesab edirlər ki, sonsuz dəhşətdənsə, dəhşətli son yaxşıdır. Ehtimal edirlər ki, qısamüddətli müharibədə hansısa uğur qazana bilərlər. Hətta uğursuz olduqları təqdirdə böyük dövlətlər bu işə qarışacaq və hər bir halda ermənilər müəyyən əraziləri itirsə də, qazandıqları daha çox olacaq. Yəni bu halda Azərbaycanı məcbur edəcəklər ki, ya mövcud vəziyyəti dondurub saxlasın, ya da sülhə məcbur edəcəklər. Bu hal regionda hər tərəfdən bağlı olan Ermənistanın vəziyyətdən çıxmasına xidmət edə bilər. Amma bu hesablamalar səhv ola və ermənilərin başında çatlaya bilər. Ermənilər bu variantdan da ehtiyatlanırlar”.

Müharibənin başlaması zərurətinin olub-olmadığına gəlincə, Musabəyov bildirib ki, erməni tərəfi özünü üzlü aparır və faktiki danışıqlar prosesini pozub: “Söhbət ondan gedir ki, erməni tərəfi həmsədrlərin 20 il ərzində işlədiyi təklifləri rədd edib hoqqabazlıqla məşğul olur. Azərbaycanı da çıxılmaz vəziyyətə qoyurlar. Bizim ərazi bütövlüyümüzü bərpa etməyimiz üçün güc amilindən istifadə etməkdən savayı başqa imkanlar qalmayıb. Sadəcə, oturub ermənilərin nə zaman ağıllanacağını gözləmək də mümkün deyil. Mümkün olduğu halda erməniləri əzəcəyik”.

Zatən, xoşluqla yad ərazilərdən çıxmayan işğalçının haqq etdiyi sonluq - zorla qovulmaqdır. İşğalçının başının əziləcəyi gün uzaqda deyil...

xudaferin.eu

10:40