Diaspora Komitəsində bir dövr başa çatdı, irəliyə baxmaq zamanıdır

 

Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

Bu açıqlamanı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

O xatırladıb ki, Prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: “Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir”.

Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

“Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib. Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər. Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”.

Nazim İbrahimov 14 ildir Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edirdi. Bu, kifayət qədər böyük müddətdir ki, onun üçün tanınmışdı və ya iş görməsi üçün şans verilmişdi. Amma görünür İbrahimov nəyə görə bu vəzifəyə təyin edildiyini unudubmuş. Məhz unutduğu üçün də Ramiz Mehdiyevin dediyi kimi, "sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib və ayrılan maliyyə vəsaitləri ünvanına çatmayıb."

Bəs hara xərclənib bu maliyyə? Bir qədər diqqət etsək, hara xərcləndiyini açıq görə bilərik. Diqqət edək; Nazim İbrahimovun qardaşlarının səsi müxtəlif biznes sahələrindən, tikinti, televiziya idarəçiliyi, otel işlətməçiliyi sahələrindən gəlirdi. Qardaşı Hacı İbrahimin sahibi olduğu "Avesta Konserni” tikinti sektorunda aparıcı şirkətlərdən birinə çevrilmişdi. Digər qardaşı Tağı İbrahimov uzun müddət ölkənin populyar teleradio şirkətlərindən olan ATV-yə rəhbərlik edirdi. Lakin istər Hacı İbrahim olsun, istərsə də Tağı İbrahimov, heç birinin uğuru davamlı olmadı. Düzdür, Tağı İbrahimov hazırda Türkiyədə "Kuzu” adlı məşhur restoran işlətsə də, Azərbaycandakı biznesi xeyli zəifləyib. Hacı İbrahim isə Xətai rayonu ərazisində "Ağ şəhər” adlı layihə icra edəcəyini, bu sahəyə milyardlar yatıracağına desə də, o, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı qalmaqalda ilişdi. Bundan əlavə, "Xəzər adaları" layihəsi də demək olar ki, batdı. Görünür qardaşının Diaspora Komitəsindəki maliyyəsi məhz onların biznesinə axırmış. Bu maliyyə dayandıqda isə, onların da qurduqları imperiya sönməyə başlayıb. İbrahimovun 14 ildir rəhbərlik etdiyi Komitəyə xaricdə yaşayan azərbaycanlıların münasibəti də yaxşı deyildi. Adı daim müxtəlif qalmaqallarda hallanan N.İbrahimovu diaspor təşkilatlarını parçalamaqda ittiham edənlər az deyil. Hər halda görünən odur ki, hələ də diaspor və lobbi təşkilatlarımız zəifdir və burada məsul şəxs olaraq N.İbrahimovun "müstəsna xidməti” var.

Uzağa getməyək. Son 2 ildə Rusiyada fəaliyyət göstərən diaspora təşkilatlarına və orada yaşayan azərbaycanlıların başına gətirilən oyunlarda da birbaşa Diaspora Komitəsi günahkardır. Bunu illərdir "Dədə Qorqud" Milli Fondunun prezidenti Eldar İsmayılov haray çəkərək bildirir. Dərbənddə azərbaycanlıların üzləşdiyi problemlər də onlar barəsində lazımı qədər işlər görülməməsindən irəli gəlir. Eləcə də Avropa ölkələrində. Bu qədər diaspora təşkilatlarımız olmasına baxmayaraq, hələ də Azərbaycanın Qarabağ barədə haqq səsini xarici ölkələrdə çatdıra bilmirik. Səbəb isə aydındır; bu işlərin həyata keçirilməsi üçün kifayət qədər maliyyə resursu lazımdır. Azərbaycan hökuməti bu maliyyə resurslarını ödəmək iqtidarında deyilmi? Belə düşünmək olardı ki, xeyr. Amma Ramiz Mehdiyev açıqladı ki, müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb.

Götürək elə Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğvi məsələsini. Məhkəmənin belə bir qərar çıxarmasının səbəbi nə idi?  

Ümumrusiya Azərbaycan Konqresi ilə yaxın əlaqələri olan Eldar İsmayılov hələ o zaman da bildirirdi ki, Konqresdə uzun müddət böyük təşkilatçılıq problemi olub. Fazil Qurbanov rəhbərliyə gələndən sonra Konqresdə işlər güclənibmiş. Ancaq Konqresdə olanların çoxu Bakıdan təyin olunmuşdu və iş rejimləri səhər işə gedib, axşam qayıtmaq olub. Onlar professional şəkildə vəzifələrini yerinə yetirə bilməyiblər. Bundan əlavə, İsmayılov bildirirdi ki, Komitə də bu işin öhdəsindən gələ bilməyib, birlik yaratmayıb: "Tutalım, bir təşkilat başlayırdı işləməyə, Diaspora Komitəsi ona alternativ təşkilat yaradırdı. Bu o deməkdir ki, birləşmə yox, parçalanma gedirdi. Ona görə ki, orada qruplaşma, bilməməzlik və ambisiyalar var idi. Bizə başqa adam lazım deyil. Biz özümüz də fundamenti silkələyirik."

Fundamenti silkələyən şəxs isə artıq yoxdur. Onun yerinə gənc, perspektivli Fuad Muradov gətirilib. Bu, Prezident tərəfindən bir gəncə olan etimaddır. Azəbaycanın xaricdə siması olacan təşkilatlara rəhbərlik edən bu Komitəyə rəhbərlik isə elə də asan iş deyil. Dünya xəritəsində Azərbaycan kiçik görünsə də, yerləşdiyi coğrafi məkan çox əhəmiyyətlidir. "Böyük İpək Yolu" üzərində yerləşməsi, Rusiya, İran və Türkiyə kimi ölkələrlə qonşu olması, "Əsrin müqaviləsi" kimi neft və qaz müqavilələrinin bağlandığı bir ölkə hər kəsin diqqət mərkəzindədir. Və ölkənin dünyaya tanıdılmasında, onun nüfuzunun artırılmasında Diaspora Komitəsi böyük əhəmiyyətə malikdir.

Biz də "Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" jurnalı olaraq 20 ildir apardığımız diaspora işlərində məhz bu Komitənin təzyiqləri ilə üzləşmişik, gördüyümüz işlərə kölgə salınmasına rəhbərlik səviyyəsində cəhdlər göstərilib. Amma necə deyərlər, "haqq nazilər, üzülməz". 20 il ərzində gördüyümz işlər "Azərbaycan Dünyası" jurnalının səhifələrində və "mir-azerbaydajana.az" saytının yeni və köhnə versiyasında öz əksini tapıb. Amma artıq həmin dövr arxada qalıb. Əl-ələ verərək Diasporla İş üzrə Dövlət Komitəsinin işlərinin irəli getməsində hər birimiz Fuad Muradova, dolayısı ilə AZƏRBAYCANMIZA dəstək olmalıyıq!

"Azərbaycan Dünyası" jurnalı

11:51