“Deutsche Welle”: Avropa İttifaqı Azərbaycandan qaz idxalını artırmaq istəyir

“Deutsche Welle” nəşrində “Aİ Azərbaycandan qaz idxalını artırmaq istəyir” sərlövhəli məqalə dərc edilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, materialda qeyd edildiyinə görə, Brüssel Bakını qaz təchizatının təhlükəsizliyinin təmin edilməsində ən mühüm tərəfdaş kimi görür. Nəşrdə yazılır ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin sözlərinə görə, Avropa İttifaqı bir neçə il ərzində Azərbaycandan qaz nəqlinin həcmini iki dəfə artırmaq niyyətindədir.

Məqalədə deyilir ki, Avropa İttifaqı Azərbaycan qazının idxalını iki dəfə artırmaqla Rusiya tədarükünü onunla əvəz etməyi hədəfləyir. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Bakıya səfəri zamanı iyulun 18-də Prezident İlham Əliyevlə birgə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalayıb. Həmin sənədə uyğun olaraq beş il ərzində Cənub Qaz Dəhlizi üzrə qaz təchizatı iki dəfə artacaq - 2027-ci ildən Avropaya hər il azı 20 milyard kubmetr mavi yanacaq ötürüləcək.

Daha sonra nəşr Ursula Fon der Lyayenə istinadla yazır ki, indi Azərbaycandan hər il 8 milyard kubmetr qaz tədarük edilir. Lakin gələn ildən bu rəqəm 12 milyarda çatmalıdır ki, bu da Rusiya qazının təchizatının azalmasını kompensasiya etməyə kömək edəcək.

Avropa Komissiyasının Prezidenti bildirib ki, Anlaşma Memorandumu Azərbaycan ilə “energetika sahəsində əməkdaşlıqda yeni səhifə” açır. Məqalədə qeyd olunur ki, sənədi imzalamazdan bir qədər əvvəl o, tviter hesabında yazıb: “Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir”.

Vüqar Seyidov

Xudaferin.eu

14:27