Deputat: Şuşa ilə Türküstanın qardaşlaşması mədəni əlaqələrimizin inkişafına təkan verəcək

Qazaxıstanın Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma işlərində iştirakı olduqca müsbət haldır və iki qardaş xalq arasında formalaşmış münasibətlərin məntiqi nəticəsidir. Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi və Mərkəzə qazax xalqının böyük oğlu, bəstəkar, musiqiçi Kurmanqazi Sağırbayoğlunun adının verilməsi isə gələcək nəsillər üçün ən mühüm mədəni mirasdır. Şuşa ilə Türküstanın qardaşlaşması isə mədəni əlaqələrimizin inkişafına təkan verəcək, hər iki dövlətin regionları arasında əməkdaşlığı stimullaşdıracaq, Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə səbəb olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.
Deputat qeyd edib ki, müasir dünyada böyük və kiçik olmağından asılı olmayaraq, bütün dövlətlər müttəfiqlərinin sayının maksimum çox olmasına səy göstərirlər. Belə ki, müttəfiqlərin sayının çox olması hər bir dövlət üçün siyasi, iqtisadi divident deməkdir. Təhlükəsizlik baxımından isə son dərəcə vacibdir.
“Postsovet məkanında yerləşməyimiz geosiyasi baxımdan Cənubi Qafqaz kimi mürəkkəb, ziddiyyətli regionda bizdən operativ, çevik diplomatik gedişlər tələb edir. Bu baxımdan, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət və müdafiə doktrinası, təhlükəsizlik sistemi özünü tam doğruldur. Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə, ötən ilin iyul ayında imzalanmış tarixi Şuşa Bəyannaməsi, həmçinin qardaş Özbəkistan, Qazaxıstan, Pakistan, Qırğızıstan və sair ölkələrlə imzalanan strateji müttəfiqlik barədə müqavilələrin hər biri dövlətimizin başçısının apardığı siyasətin bəhrəsidir”, - deyə N.Məhəməliyev vurğulayıb.
O əlavə edib ki, məhz Prezident İlham Əliyevin apardığı çoxvektorlu diplomatiya dünya ermənilərinə sağalmaz yara vurdu. Eyni zamanda, dünya informasiya məkanını 100 ildən bəri yalançı miflərlə, illüziyalarla zibilləyən saxtakar tayfanın informasiya siyasətini darmadağın etdi, Azərbaycanın bir dövlət kimi, özününsə dünya səviyyəsində hər kəsin hörmət bəslədiyi nüfuzlu lider olaraq tanıdılmasına nail oldu. Kasım-Jomart Tokayevin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim edərkən səsləndirdiyi səmimi fikirlər qazax xalqının Prezident İlham Əliyev şəxsiyyətinə hörmət və ehtiramın ən gözəl nümunədir.

Xudaferin.eu

18:57