Deputat: Azad edilmiş ərazilərimizdə aşkar olunan hər bir kütləvi məzarlıq erməni cinayətlərinin bariz nümunəsidir

Prezident İlham Əliyev beynəlxalq platformalardakı çıxışlarında Birinci Qarabağ müharibəsi zamanı erməni cinayətlərinə məruz qalmış 4 minə yaxın azərbaycanlının taleyinin məlum olmadığını və Ermənistandan bu barədə məlumat verilməsini tələb edir. Çox təəssüf ki, Ermənistan nə kütləvi məzarlıqların hansı ərazilərdə olduğu, nə də əsirlikdə qalan azərbaycanlıların taleyi haqqında heç bir məlumat vermir. Fakt odur ki, Birinci Qarabağ müharibəsindən sonra 4 minə yaxın azərbaycanlının taleyi naməlum olaraq qalır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Bu günlərdə müzəffər Ordumuzun Fərrux kəndindəki mövqelərində həyata keçirdiyi qazıntı işləri zamanı kütləvi məzarlıq aşkar olundu. Belə kütləvi məzarlıqlar işğaldan azad etdiyimiz digər rayonlarda da aşkarlanıb. Heç şübhəsiz ki, ermənilərin yaşadıqları ərazilərdə də kütləvi məzarlıqlar mövcuddur. Təbii ki, aşkar olunan hər bir kütləvi məzarlıq erməni cinayətlərinin bariz nümunəsidir. Ermənilər tərəfindən azərbaycanlılara qarşı zaman-zaman soyqırımları törədilib. Amma 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizlə ermənilərin tökdükləri qanların qisası alındı.

“Biz qələbəmizi möhkəmləndirməklə bərabər, erməni cinayətlərinin bir daha təkrarlanmaması üçün gələcək nəsillərimizi məlumatlandırmalıyıq. Həmçinin erməni cinayətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalı və informasiya müharibəsində qazandığımız uğurları davamlı etməliyik. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronla görüşdə də bu məsələləri yenidən gündəmə gətirərək ədalətli mövqeyimizi onların diqqətinə çatdırıb”, - deyə deputat əlavə edib.

Xudaferin.eu

13:01