Deputat: Ağdaban faciəsi beynəlxalq hüquq əsasında soyqırımı cinayəti aktı kimi qiymətləndirilməlidir

Erməni silahlı birləşmələri tərəfindən Qarabağda törədilmiş Ağdaban faciəsindən 30 il ötür. Ağdaban faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən qanlı səhifələrindən biri kimi qan yaddaşımıza həkk olunub.
Vaxtilə qucaq açdığımız xain qonşularımız bizə qarşı yalnız ərazi iddiaları ilə çıxış etməklə kifayətlənmədilər. Onlar Azərbaycan xalqının əzmini, iradəsini qırmaq məqsədilə bir-birinin ardınca qanlı hadisələr, faciələr törətdilər. Yüzlərlə dinc insanın ölümünə bais olan erməni cəlladları qadınlara, uşaqlara rəhm etmədilər. Ağdaban kəndinin tamamilə məhv edilməsi müharibə cinayətidir və bu cinayəti törədənlər öz cəzalarını almalıdırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov söyləyib.
Ovaxtkı hakimiyyətin səriştəsizliyi ucbatından insanlarımızın ağır məhrumiyyətlərə düçar olduqlarını dilə gətirən M.Məmmədov bildirib ki, Ağdabandan əvvəl Malıbəyli, Quşçular və faciələrin ən dəhşətlisi Xocalı var idi.
“Ağdaban kəndinin məhv edilməsində məqsəd Kəlbəcər rayonunun işğalının başlanması idi. Düşmən planlı şəkildə hərəkət edirdi. Evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək - bunların hamısı əvvəlcədən müəyyənləşdirilmişdi. Erməni silahlı birləşmələri 1992-ci il aprelin 8-də Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə hücum etdilər. Həmin gecə 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırıldı və yer üzündən silindi. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi, 67 nəfər qətlə yetirildi, 90 -100 yaşlı 8 nəfər qoca, 2 azyaşlı, 7 qadın diri-diri yandırıldı. Həmçinin kəndin sakinlərindən 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb. Saysız-hesabsız qətliamlar törədən ermənilərə “dur” deyən yox idi. Dünya dövlətləri, bütün beynəlxalq təşkilatlar insanlıq əleyhinə qanlı hadisələr baş verdiyi halda münasibət bildirmirdilər”, - deyə M.Məmmədov qeyd edib.
Diqqətə çatdırılıb ki, ermənilərin vandalizm siyasətinin məqsədlərindən biri də Azərbaycanın mədəni irsinin məhv edilməsi idi. Böyük sərkərdə Şah İsmayıl Xətainin silahdaşı olan Miskin Abdal ocağı nəslinin davamçısı, Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş ağdabanlı Qurban da bu kənddə yaşayırdı. Düşmən ağdabanlı Qurbanın və onun oğlu, klassik aşıq şerinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını yandıraraq bu nəhəng söz sərraflarının bədii irsini, bütün külliyyatını məhv edib.
M.Məmmədov bildirib ki, ağır işgəncələrə məruz qalan, evləri viran qoyulan ağdabanlılar doğma kəndlərini tərk etmədilər. Ağdaban camaatı kəndi yenidən bərpa edib yaşamağa başladılar. Lakin 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı yenidən Ağdaban kəndindən başladılar. Erməni silahlıları kəndə yenidən hücum edərək onu viran qoydular. Beləliklə də onlar Ağdaban kəndində ikinci faciəni törətdilər. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edildi. Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində, Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə almışdılar. Onlar Ağdabanda yalnız soyqırımı törətmədilər. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdıldı, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunaraq məhv edildi.
Deputat vurğulayıb ki, Ağdaban faciəsinə ilk hüquqi-siyasi qiyməti ulu öndər Heydər Əliyev verib. Ümummilli Lider Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandıraraq, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
“Ağdaban faciəsi törədilmə spesifikasına və xarakterinə görə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 9-da qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" Konvensiyanın müddəalarına tam uyğundur. Ona görə də bu faciə beynəlxalq hüquq əsasında soyqırımı cinayəti aktı kimi qiymətləndirilməli və Ağdaban kəndinin dinc əhalisinə qarşı törədilən bu qırğın soyqırımı cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır. Faciə qurbanlarını ehtiramla yad edirik”, - deyə deputat əlavə edib.

Xudaferin.eu

23:09