Danimarkada soydaşlarımız Novruz bayramını birgə qeyd ediblər

Danimarka Krallığının paytaxtı Kopenhagendə bu ölkədə fəaliyyət göstərən Vətən Cəmiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.

Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbiri açıq elan edən Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi həmyerlilərimizi Novruz bayramı münasibətilə təbrik edib, milli bayramlarımızın birgə qeyd olunmasının önəmindən danışıb. Sonra Səfər Sadiqi Novruz bayramının tarixindən söz açıb, bu gözəl bayramın mədəniyyətlərarası dialoqun tərkib hissəsi kimi xalqların yaxınlaşmasında, adət-ənənələrlə tanışlıqda, insanlar arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük rol oynadığını vurğulayıb.

Musiqili və əyləncəli proqramla davam edən tədbirdə Danimarkada fəaliyyət göstərən “Cırtdan” uşaq yaradıcılıq qrupunun üzvləri Azərbaycan milli rəqslərini ifa ediblər. Mərasim iştirakçılarına təqdim olunan Azərbaycan xalq musiqiləri isə böyük marağa səbəb olub. Qeyd edək ki, tədbirdə Danimarka Krallığında yaşayan Azərbaycan və Türk diaspor fəalları da iştirak ediblər.

 

Xudaferin.eu
Danimarka, “Kopenhagen Bürosu”

12:21