Dahi şəxsiyyətlərimizin ermənilər tərəfindən güllələnmiş büstlərinin Şuşaya qaytarılması böyük Qələbəmizin təsdiqidir

44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmiz nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə erməni vandalları tərəfindən tarixi, mədəni və hətta dini abidlərimiz vəhşicəsinə məhv edilib. Artıq bütün dünya bu vandallığın şahididir. Təkcə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşamızda 67 məscid dağıdılıb və yararsız hala salınıb. Bəzi beynəlxalq mədəni qurumlar isə Qarabağda sonradan tikilən və “qədim və tarixi” abidə adı altında təqdim edilən, həmçinin tam sağlam şəkildə fəaliyyətini davam etdirən erməni kilsələrinin aqibəti ilə bağlı yazılar dərc edərkən, nədənsə dağıdılmış, talan edilmiş həqiqətən də, əsrlərboyu orada yerləşən müsəlman məscidlərinin taleyi haqqında danışmırlar.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

J.Əhmədova diqqətə çatdırıb ki, Prezident İlham Əliyev ailə üzvləri ilə birgə Şuşaya səfəri zamanı burada bir sıra tarixi məscidlərdə oldu. Əminəm ki, Qarabağdakı bütün tarixi abidələr, o cümlədən məscidlər də Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir ediləcək və vətəndaşlarımızın, dindarlarımızın istifadəsinə veriləcək.

“Əsrlərboyu milli azlıq kimi orada məskunlaşmış ermənilər işğaldan sonra bölgədən bizim mədəniyyətimizi, tariximizi və dinimizi silməyə cəhd göstərib. İşğaldan əvvəl çiçəklənən gözəl Şuşada işğaldan sonra bir dənə də olsun normal bina tikilməyib, separatçılar ancaq talanla məşğul olublar. Lakin biz Şuşa başda olmaqla, Qarabağda bütün tarixi binaları bərpa edəcəyik və bölgəni işğaldan əvvəl olduğu kimi Azərbaycanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik", - deyə Jalə Əhmədova vurğulayıb.

Deputatın sözlərinə görə, dahi şəxsiyyətlərimiz Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnən büstləri də artıq Şuşaya qayıtdı. Bu, bizim böyük Qələbəmizin təsdiqidir. 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan büstlər doğma yurdlarına, Şuşaya geri döndü. Bu, tarixi ədalətin bərqərar olması deməkdir.

Xudaferin.eu

15:10