Corc Vaşinqton Universitetində “Qafqazda təhlükəsizlik” mövzusunda tədbir keçirilib

Noyabrın 15-də Corc Vaşinqton Universitetində Azərbaycanlı Tələbələr Birliyi (GWAZESA) tərəfindən ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi və səfir Xəzər İbrahimin iştirakı ilə “Qafqazda təhlükəsizlik” mövzusunda tədbir keçirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd Corc Vaşinqton Universitetində təhsil alan, eyni zamanda, “Washington District of Columbia” və ətraf bölgələrdən olan tələbələrin, təqdiqatçıların və professorların hazırda Cənubi Qafqazda baş verən hadisələr barədə geniş məlumatlandırmaq, cəmiyyət içərisində yarana biləcək hər hansı yanlış informasiyanın qarşısını almaq və həqiqətləri iştirakçılarla paylaşmaq olub.

Tədbir, həmçinin ABŞ-dakı erməni diasporunun Corc Vaşinqton Universitetinin tələbələri arasında yaymağa çalışdığı qərəzli və birtərəfli informasiyalara aydınlıq gətirmək və başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, hökumətimizin Cənubi Qafqazda daimi sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu göstərmək məqsədilə təşkil edilib.

Azərbaycanlı Tələbələr Birliyinin üzvlərinin açılış sözləri ilə başlayan tədbir ölkəmizin ABŞ-dakı səfiri Xəzər İbrahimin çıxışı ilə davam edib.

Xəzər İbrahim tədbir boyunca Qarabağ münaqişəsinin artıq sona çatdığını, bundan sonra, sadəcə, bölgədə davamlı sülh və təhlükəsizlik üçün addımların atılmalı olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin bu məqsədlə atdığı addımlardan bəhs edərək, Azərbaycan tərəfinin regionda daimi təhlükəsizlik üçün danışıqlara hər zaman müsbət yanaşdığını söyləyib.

Sonra Xəzər İbrahim ABŞ-da insanlar arasında birtərəfli və qeyri-obyektiv informasiyaların yayılmasının qarşısını almaq və onları reallıqlar barədə məlumatlandırmaq üçün səfirliyin aktiv fəaliyyət göstərdiyini qeyd edib. Diplomat, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri olmadığını, əlaqələrimizin “Bir millət, iki dövlət” tezisinə əsaslandığını vurğulayıb.

Tədbirdə ATƏT-in Minsk qrupunun öz missiyasını yerinə yetirmədiyi və münaqişənin həlli üçün zəruri addımlar atmadığı iştirakçıların diqqətinə çatdırılıb. Regionda münaqişənin artıq qalmadığı, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu və müzəffər Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdiyi vurğulanıb. Eyni zamanda, Cənubi Qafqazda daimi sülhün və təhlükəsizliyin bərpa edilməsi üçün yeganə çıxış yolunun Ermənistan tərəfinin Azərbaycanın irəli sürdüyü 5 prinsipə əməl etməsi və sülh müqaviləsinin imzalanması olduğu qeyd edilib.

Tədbir Corc Vaşinqton Universitetinin Cənubi Qafqaz üzrə araşdırmalar aparan tanınmış professor və təqdiqatçılarının, eyni zamanda, tələbələrin sualları ilə davam edib.

Corc Vaşinqton Universiteti, Corctaun Universiteti və Amerika Universitetindən tədqiqatçıların qatıldıqları tədbirin təşkilində bu ali təhsil ocaqlarının tələbələri Toğrul Ağbabalı, Davud Kazdal, Əli Məmmədov, Kənan Məmmədov, Humay Sadiq və Ayla Kərimova yaxından iştirak ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Xudaferin.eu


 

16:04