Çingiz Qənizadə: Səfirliyimizə qarşı vandalizm ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirə bilməz

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin dünya birliyindəki reytinqini getdikcə yüksəldir. Ermənistan üzərindəki tarixi Qələbəmizdən sonra Azərbaycan dünyanın sayılıb-seçilən dövlətləri sırasına yerini daha da möhkəmləndirib. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının getdikcə artması, həm rəsmi Bakının, həm də işğaldan azad edilmiş ərazilərimizin, xüsusilə, Şuşanın nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirdikləri mərkəzə çevrilməsi ölkəmizin dünya birliyindəki mövqeyinin möhkəmləndirilməsindən, əlaqələrinin genişləndirilməsindən xəbər verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi ölkəmizin bütün sahələr üzrə qazandığı nailiyyətlərin anti-Azərbaycan qüvvələri ciddi təşvişə saldığını vurğulayıb. Deyib ki, həmin qüvvələr müxtəlif vasitələrlə ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirməyə çalışır, bundan ötrü min bir oyundan çıxırlar. Azərbaycanın Ermənistan üzərində qazandığı tarixi Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma, bərpa-tikinti işlərinə başlaması və bu işlərin sürətlə aparılması ermənipərəst qüvvələri ciddi narahat edir: “Bir neçə gün əvvəl Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumuna məruz qalması da sürətli inkişafımızı həzm edə bilməyən anti-Azərbaycan qüvvələrin növbəti xəbisliyinin göstəricisidir. Hesab edirəm ki, bu, təkcə səfirliyə yox, dövlətçiliyimizə qarşı hücumdur. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr indi də dini məzhəbçilikdən ölkəmizə qarşı silah kimi istifadə edir və bu yolla yetişən gənc nəslin beynini zəhərləməyə cəhd edirlər”.
Ç.Qənizadə bildirib ki, Azərbaycan səfirliyinə hücum heç bir dini əqidəyə sığmır. Beynəlxalq hüquq normalarına görə, səfirlik Azərbaycanın ərazisi hesab olunur. Deməli, radikal dini qrupun üzvləri beynəlxalq hüquq normalarına da hörmətsizlik ediblər. Bu vandalizm, həm də Britaniya ilə Azərbaycan arasındakı münasibətlərə xələl gətirilməsi məqsədi daşıyır. Həmin qüvvələr açıq şəkildə görürlər ki, Azərbaycanın inkişaf etmiş dövlətlərlə əməkdaşlığı getdikcə möhkəmlənir. Bu vandalizmdə Britaniya hökumətini də qınayıram. Çünki Vyana Konvensiyasına görə, diplomatik fəaliyyətin tənzimlənməsində səfirliyin yerləşdiyi dövlət məsuliyyət daşıyır. Həmin Konvensiyanın qarşıya qoyduğu öhdəliklərdən biri də diplomatik məkanın toxunulmazlığıdır. Belə olan halda, radikal dini qrupun üzvləri necə olub ki, səfirliyimizə asanlıqla daxil olub və 2 saat ərzində binada vandal hərəkətlər törədiblər və bayrağımıza qarşı hörmətsizlik ediblər.
Komitə sədri bildirib ki, ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabərhüquqlu şərait yaradılıb. Hər kəs istədiyi dinə etiqad edir. Bundan ötrü heç bir problem yoxdur. Azərbaycan dünyada multikultural dövlət kimi tanınır. Tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkəmizin dövlət-din modeli dünyaya nümunədir. Bu model özündə İslam aləminin ən mütərəqqi dəyərlərini birləşdirir: “Azərbaycan dünyəvi dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin prioritetlərindən biri də insanların dini inanclarının qorunmasına xüsusi önəm verməsidir. Bu gün ölkəmiz mədəniyyətlər və dinlərarası dialoqun fəal təşkilatçılarındandır. Bir neçə il əvvəl dünyanın tanınınmış din xadimlərinin iştirakı ilə Bakıda keçirilən Dünya dini liderlərinin Sammiti də bundan xəbər verir. Azərbaycan bu mötəbər tədbirə iki dəfə ev sahibliyi edib. Bu, bir daha onu göstərir ki, ölkəmiz dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaq”.
Hüquq müdafiəçisi belə mötəbər tədbirin Bakıda keçirilməsini təbii hesab edib. Deyib ki, Azərbaycanda qədimdən dinlərarası ənənələr mövcuddur. İctimai-siyasi quruluşundan asılı olmayaraq, respublikamız bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərib. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Bütün bunlardan sonra xüsusi hazırlanmış radikal dini qurumun üzvlərinin səfirliyimizdə törətdikləri vandalizm ölkəmizin getdikcə artan nüfuzuna xələl gətirə və Azərbaycanın beynəlxalq aləmdəki imicinə kölgə sala bilməz. Hüquq müdafiəçisi əminliklə bildirib ki, səfirliyimizin binasında vandal hərəkətlər və qürur mənbəyimiz olan bayrağımıza hörmətsizlik edənlər layiqli cavablarını alacaqlar. Bu vəhşiliyə biganəlik göstərən beynəlxalq təşkilatlar isə ikili standartlardan əl çəkməli, həqiqətin gözünə dik baxmalıdırlar.

Xudaferin.eu

16:31