Çingiz Qənizadə: Prezidentin İtaliyaya səfəri Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir

Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin getdikcə möhkəmləndirilməsi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün strategiyanın nəticəsidir. Vətən müharibəsində qazandığımız tarixi Qələbə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da yüksəltdi. Artıq dünya ictimaiyyətinə də bəlli oldu ki, Azərbaycan Ordusu dünyanın ən güclülərindəndir və öz ərazisini düşməndən müdafiə etmək qüdrətindədir. Digər sahələrdə də qazanılan uğurlar respublikamızın beynəlxalq əlaqələrini daha da genişləndirir. İtaliya Prezident Sercio Mattarellanın dəvəti ilə Prezident İlham Əliyevin bir neçə gün əvvəl bu ölkəyə reallaşan işgüzar səfəri beynəlxalq aləmin diqqət mərkəzində olub. Bu, İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrinin də diqqətindən yayınmayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Prezident İlham Əliyevin İtaliyaya səfərinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran hüquq müdafiəçisi bildirib ki, bu səfər Azərbaycanın son illərdə Cənubi Qafqazda yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir: “Çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətləri hazırda da inkişaf etməkdədir. Dövlətimizin başçısının iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu ərəfəyə təsadüf edən işgüzar səfəri yüksək səviyyədə keçdi. Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının Sədri Mario Draqi ilə görüşləri böyük maraq doğurdu. İtaliyanın “RAI” televiziya kanalında gün ərzində səfərlə bağlı müxtəlif reportajların yayımlanması da bundan xəbər verir. Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu”.

Komitə sədri bildirib ki, Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Son vaxtlar dövlətimizin başçısının bu istiqamətdə atdığı qətiyyətli addımlar, istər xarici səfərləri, istərsə də beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın qüdrətli ölkələr sırasına qoşulmasından xəbər verir. Prezident İlham Əliyev həmin səfərlər zamanı keçirdiyi görüşlərdə və mühüm beynəlxalq tədbirlərdə çıxışlarında Cənubi Qafqazdakı mövcud reallıq barədə ətraflı məlumat verir, Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistanın müharibənin başa çatmasından iki il vaxt keçməsinə baxmayaraq, hələ də sülh müqaviləsini imzalamaqdan yayındığını dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu da ölkəmizin həm region, həm də dünya dövlətləri ilə əlaqələrinin dəyişməz olmasından, bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında uğurlu inkişafından xəbər verir.

Hüquq müdafiəçisi dövlətimizin başçısının bu səfərinin ölkəmizin İtaliya və Qərb üçün əhəmiyyətini bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb. Deyib ki, hazırda İtaliya da Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bunun əsas səbəbləri respublikamızın dünyada qalib dövlət kimi tanınması, Avropanın enerji təhlükəsizliyinin təminatında xüsusi rola malik olması və sürətli inkişaf yolunda inamla irəliləməsidir. Sözsüz ki, İtaliya da bu geostrateji inkişafı, Azərbaycanın siyasi, iqtisadi, humanitar sahələrdə dünyada nüfuzu yüksələn ölkəyə çevrildiyini görür. Eyni zamanda, İtaliya iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsini özünün xarici siyasətinin prioriteti hesab edir. İşğaldan azad edilmiş ərazilərdə geniş miqyas almış yenidənqurma, bərpa-quruculuq işlərində İtaliya şirkətlərinin də fəal iştirakı iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafından xəbər verir.

Ç.Qənizadə Prezident İlham Əliyevin işgüzar səfəri zamanı Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə verdiyi müsahibəsində də bu faktları diqqətə çatdırdığını vurğulayıb. Bildirib ki, İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. Məsələn, təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də Memorial və Zəfər muzeylərimiz İtaliya şirkətləri tərəfindən dizayn olunub tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib.

Hüquq müdafiəçisi deyib ki, dövlətimizin başçısı müsahibəsində Azərbaycanın azad olunmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələrinin icrasına başlanıldığını bildirərək dedi: “Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Biz elektrik stansiyaları tikmişik və elektrik xətləri çəkmişik. Avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edirik. Bütün işlər gedir və biz bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmürük. Bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib”.

Ç.Qənizadə dövlətimizin başçısının Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlığından söhbət açdığını da diqqətə çatdırıb. “Prezident İlham Əliyev dedi ki, İtaliya hər zaman bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərimizi dəstəkləyib. Əlbəttə, bu gün Bakını İtaliya sahilləri ilə birləşdirən 3500 kilometrlik enerji körpüsü enerji təhlükəsizliyi körpüsüdür. Bu, təkcə İtaliyaya şamil edilmir. Əminəm ki, İtaliya Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacaqdır”, - deyə hüquq müdafiəçisi diqqətə çatdırıb.

Xudaferin.eu

13:12