Çingiz Qənizadə: Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi strategiya ermənilərin bütün yalanlarını ifşa etdi

Beynəlxalq təşkilatların, eləcə də, yerli ictimaiyyətin, o cümlədən siyasi partiya və QHT nümayəndələrinin, habelə əcnəbi jurnalistlərin Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfərləri zamanı bir daha aydın oldu ki, Ermənistan 30 il ərzində torpaqlarımıza, tarixi -mədəni, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı vəhşilik törətmiş və işğal altında saxladığı ərazilərimizi yerlə- yeksan etmişdir. Bu vəhşilik, talançılıq və işğal əbədi ola bilməzdi. Bir il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz faşist xislətli Ermənistan ordusunun işğalına son qoydu. Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi şanlı Qələbəmizlə başa çatdı. 44 gün davam edən Vətən müharibəsində ərazi bütövlüyümüz təmin edildi.

Bunu AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ifadə edib.

Hüquq müdafiəçisi bildirib ki, ermənilər Hadruta XIX əsrdə İrandan köçürülüblər. Dövlətimizin başçısı da bunu diqqətə çatdıraraq dedi ki, o vaxta qədər burada erməni yaşamırdı. Onlar tarixi saxtalaşdırmağa vərdiş ediblər. Elə buna görə də bu gün də həmin vərdişlərindən əl çəkmir, bugünkü reallıqları da saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti də bu yalanlara inandırmaq istəyirlər. Ancaq Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi strategiya ermənilərin bütün yalanlarını ifşa etdi. Müharibə dövründə də Ermənistan rəsmi orqanları nə qədər yalan söylədilər, həm öz xalqını, həm də beynəlxalq ictimaiyyəti inandırmağa çalışırdılar. Lakin Hadrutun işğaldan azad edilməsindən sonra Ermənistan rəsmilərinin yalanları üzə çıxdı. Eyni zamanda, Hadrutun işğaldan azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı.

Ç.Qənizadə qeyd edib ki, Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tez- tez işğaldan azad edilmiş ərazilərdə səfərdə olur, yenidənqurma–bərpa işlərinə şəxsən nəzarət edirlər. Əminliklə demək olar ki, yaxın illərdə Qarabağ bölgəsi əvvəlki illərdən də yaxşı olacaq. Dövlət başçımız Xocavənd rayonunda ictimaiyyətin nümayəndələri ilə görüşü zamanı da bu fikri səsləndirdi. Dövlətimizin başçısı Hadrut qəsəbəsində və Tuğ kəndində oldu. Digər səfərlərdə olduğu kimi, bu dəfə də yeni tikinti-bərpa işlərinin təməli qoyuldu.

Hüquq müdafiəçisi Azərbaycanın qazandığı misilsiz Qələbədən söhbət açaraq deyib ki, bu Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, xalqına və torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir.

Qarabağın zəngin yeraltı sərvətləri ilə daim diqqət mərkəzində olduğunu söyləyən Ç.Qənizadə deyib: “Bu ərazilərin hər qarış torpağı qızıldır. İşğaldan azad edilmiş torpaqlarda təxminən 160 müxtəlif növ qiymətli metal yatağı var idi. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər təbii yataqlar mövcud idi. Yeraltı ehtiyatlar sırasında qızıl yataqları mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərdə olan faydalı qazıntıların Azərbaycan iqtisadiyyatının inkişafında böyük rolu olacaq. Orada elə yataqlar var ki, onların gələcəkdə istismarı respublikamızın iqtisadiyyatına daha böyük töhfələr verəcək. Məsələn, Zəngilan rayonundakı Vejnəli qızıl yatağı. Bundan əlavə, Kəlbəcərdəki Zod və Ağdərədəki Qızılbulaq qızıl yataqlarını misal gətirmək olar. Ümumiyyətlə, Qarabağda olan bir çox təbii ehtiyatlar tikinti və digər sahələrdə də istifadəyə yararlıdır. Ermənilər həmin ərazilərin adlarını dəyişərək, min bir fitnə-fəsadla özününküləşdirmək istəyirdilər. Ancaq buna nail ola bilmədilər. Onların tarixi saxtalaşdırmaq cəhdi baş tutmadı.

Uzun illərdir ki, onlar məqsədlərinə çatmaq üçün min bir oyundan çıxırdılar. Ancaq, buna nail ola bilmədilər. Dövlətimizin başçısı Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bu məsələyə toxundu. Qeyd etdi ki, Ermənistanın tarixi də, keçmişi də, dövlətçiliyi də saxtadır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistan təbliğatı istər işğal, istər müharibə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. İşğal etdikləri Azərbaycan ərazilərində də bu mənzərəni yaratmağa cəhd edirdilər. Lakin çirkin niyyətləri baş tutmadı. Artıq bütün dünyaya bəllidir ki, Ermənistan öz dövlətini Azərbaycan torpaqlarında qurub”.

Xudaferin.eu

16:08