Cavid Osmanov: Azərbaycan, Prezident İlham Əliyevin diplomatik məharəti nəticəsində güclü söz sahibinə çevrilir

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir. Ümumiyyətlə, ölkəmiz bütün regional və beynəlxalq platformalarda öz fəallığı ilə seçilən ölkələrdəndir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Qoşulmama Hərəkatında təmsil olunurlar və üzv dövlətlər arasında səmərəli əməkdaşlıq qurulur. İqtisadi Əməkdaşlıq Təşkilatının daha da təkmilləşdirilməsi məsələsində Azərbaycanın xüsusi rolu vardır.

Bu fikirləri AZƏRTAC- a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə təşkilatın Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. Təşkilatın 2006-cı ildə Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb. 2021-ci ilin mart ayında isə İqtisadi Əməkdaşlıq Təşkilatının Türkiyənin sədrliyi ilə keçirilən 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb ki, bunun əsasında İƏT-in Tədqiqat Mərkəzi tezliklə Bakıda fəaliyyətə başlayacaq. “Zaman sübut edir ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyalar vaxtı gəldikcə həyata vəsiqə qazanır. Bakıda fəaliyyət göstərəcək Tədqiqat Mərkəzinin əsas məqsədi isə iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İqtisadi Əməkdaşlıq Təşkilatı və üzv ölkələrə yardım etməkdir.

Bu və digər regional, eyni zamanda, beynəlxalq təşəbbüslərlə çıxış edən Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Buna töhfə verəcək növbəti böyük bir uğurun-Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

Soçi görüşündən sonra Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi bir daha təsdiq edir ki, bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək və təşkilata üzv ölkələr bu dəhlizdən böyük fayda götürəcəklər”,- deyə C.Osmanov vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyini əsaslandıran fikirləri, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə dərhal genişmiqyaslı yenidənqurma işlərinə başlaması, yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salması, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi Azərbaycan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatında qurucu Lider kimi tanınmasına əsas verir.

"Prezident İlham Əliyev hər zaman bütün platformalarda olduğu kimi İqtisadi Əməkdaşlıq Təşkilatın tribunasından da istifadə edərək Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı 30 il ərzində bütün şəhər və kəndləri, o cümlədən mədəni, dini irs abidələrini yerlə-yeksan etməsinə diqqət çəkməklə Prezident İlham Əliyev bunun bütün müsəlmanlara qarşı təhqir və nifrət olduğunu, tarixin və olanların isə unudulmadığını bir daha bəyan etdi. İşğala məruz qalmasına baxmayaraq Azərbaycan bu gün qalib ölkə olaraq davamlı sülh və təhlükəsizlikdə maraqlıdır. Suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycan Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət etmişdir. Soçi görüşündən sonra isə Ermənistanın bu çağırışa artıq müsbət reaksiyaları müşahidə edilir",- deyə deputat bildirib.

Onun sözlərinə görə, Zirvə Görüşündə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır.

C.Osmanov deyib: “Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan Prezident İlham Əliyevin diplomatik məharəti nəticəsində beynəlxalq aləmdə güclü söz sahibinə çevrilir”.

Xudaferin.eu

14:16