Brüssel görüşü Azərbaycan diplomatiyasının və şəxsən dövlətimizin başçısının növbəti qələbəsi, hücum siyasəti doktrinasının təntənəsidir

Dördüncü Brüssel görüşünün yekunlarını şərh etməzdən öncə nəzərə almalıyıq ki, Ermənistan açıq şəkildə etiraf etməsə də əvvəlki üç görüş üzrə razılaşmaların icrasında maraqlı olmayıb. Bu mənada cari görüşdə əldə olunan razılaşmalar elə ilk baxışdan prosesin Azərbaycanın iradəsinə və maraqlarına uyğun formada cərəyan etdiyindən xəbər verir. Ümumilikdə məsələnin mahiyyətini daha detallı anlamaq üçün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşün yekunlarına dair bəyanatına konseptual yanaşmalıyıq.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
“Əvvəlcə ondan başlamalıyıq ki, görüş həm pozitiv formada öhdəliklərin müəyyən olunması, həm də neqativ formatda, müəyyən məsələlərə, ümumiyyətlə, toxunulmamaqla, hər iki halda Azərbaycanın milli mənafelərini əhatələyib. İlk olaraq, Brüsseldə İrəvanın sülh müqaviləsinin mətni üzərində iş aparmaq üçün işçi qrupun formalaşdırılması barədə rəsmən razılıq verməsi proseslərin gedişatında 2 ildir ki, heç bir irəliləyişin nail olunmadığı mühüm bir səddin keçilməsi anlamına gəlir. Beləliklə, davamlı olaraq sülh razılaşmasına dair qəti addımlardan yayınan, bəzi hallarda hətta sabotajla məşğul olan Ermənistan nəhayət bu istiqamətdə ilkin razılığını ifadə etməyə məcbur olaraq yaxın bir ay ərzində xarici işlər nazirlərinin sülh razılaşmasının mətni üzərində iş aparılması barədə öhdəlik götürdü. Bu, o deməkdir ki, Prezident İlham Əliyev Vətən müharibəsində, Fərrux və Qisas əməliyyatlarında hərbi məcburetmə tədbirləri ilə Ermənistanı məlum gedişata məcbur etdiyi kimi, Brüsseldə də Azərbaycan lideri Ermənistanı sülh sazişi üzrə işçi qrupun yaradılması barədə öhdəlik götürməyə məcbur etdi”, - deyə deputat vurğulayıb.
O bildirib ki, Brüssel görüşü və Prezident Şarl Mişelin açıqlamasında diqqət çəkən digər vacib məqam müzakirələrdə Qarabağ mövzusunun gündəmə gəlməməsidir. Avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində də Prezident İlham Əliyev qəti olaraq bildirmişdi ki, “Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur... Ermənistanın buna nə dəxli var? Bu, bizim daxili işimizdir”. Bu bəyanatdan sonra ilk birbaşa təmasda görüş mövzusunun Azərbaycan Prezidentinin beynəlxalq hüquqa əsaslanan iradəsi əsasında davam etməsi, yəni, Azərbaycanın ümumtanınmış ərazisi Qarabağın müzakirə mövzusu olmaması ədalətli yanaşma ehtiva etməklə bərabər özlüyündə Bakının mühüm qələbəsidir. Habelə, Brüssel görüşündə, ümumiyyətlə, ATƏT-in Minsk qrupu institutunun adının çəkilməməsi, bununla da həmsədrlər institutuna, hətta mümkün perspektivdə belə şans verilməməsi ömrünü başa vurmuş bu təsisatın dirçəldilməsi istiqamətində uğursuz səylərə də tutarlı və praktik cavab oldu. Bu, eyni zamanda, Ermənistanın özünü mühüm bir alətdən də məhrum etməklə sülh prosesində ləngitmə, yayınma kimi İrəvan üçün xarakterik davranışlara imkan verilməməsində əhəmiyyətli rol oynayacaq.
“Müzakirə mövzusu olan digər məsələlər, sərhəddə təhlükəsizliyin daha etibarlı təmini, o cümlədən mina və itkin düşmüş şəxslər kimi humanitar xarakterli problemlərin də gündəmə gətirilməsi isə Azərbaycanın bu məqamlar üzrə israrlı olduğunu göstərməklə bərabər proseslərin Prezident İlham Əliyevin iradəsinə uyğun, Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində inkişaf edir. Xüsusi qeyd olunmalıdır ki, Avropa İttifaqı və şəxsən Prezident Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar.
Bu mənada Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü istisnasız olaraq Azərbaycan diplomatiyasının və şəxsən dövlətimizin başçısının növbəti qələbəsi, hücum siyasəti doktrinasının isə təntənəsi hesab edilməlidir”, - deyən Bəhruz Məhərrəmov fikirlərini yekunlaşdırıb.

Xudaferin.eu

14:01