Britaniya Parlamentinin Lordlar Palatasında Azərbaycanla Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin 30 illiyi qeyd edilib

Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin təsis edilməsinin 30 illiyi ilə əlaqədar Britaniya Parlamentinin Lordlar Palatasında tədbir keçirilib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Londondakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Parlamentin İcmalar və Lordlar palatalarının üzvləri, Xarici İşlər və Beynəlxalq Ticarət nazirliklərinin əməkdaşları, Londonda akkreditə olunmuş diplomatik korpusun üzvləri, bir sıra şirkət və tədqiqat mərkəzlərinin nümayəndələri, azərbaycanlı icmasının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lordlar Palatasının üzvü, Leyborist Partiyasında Azərbaycanın dostları qrupunun təsisçisi Lord Evans xüsusi olaraq ölkələrimiz arasında əlaqələrə həsr etdiyi şeiri səsləndirib, möhkəm və sağlam tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edib.

Tədbirdə Birləşmiş Krallıq hökuməti adından bu ölkənin Avropa və Şimali Amerika regionları üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Ceyms Kleverlinin videomüraciəti nümayiş olunub. Dövlət naziri Birləşmiş Krallığın Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edərək, ölkələrimiz arasında iqtisadi, enerji, beynəlxalq təhlükəsizlik sahələrində uğurlu tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib. O, Azərbaycan hərbçilərinin britaniyalı hərbçilərlə birlikdə Kabil Beynəlxalq Hava Limanında təxliyə prosesindəki peşəkarlığını və qəhrəmanlığını xüsusi minnətdarlıq hissi ilə vurğulayıb, həmçinin Birləşmiş Krallığın işğaldan azad edilən Azərbaycan ərazilərinin bərpasına bundan sonra da dəstəyini davam etdirəcəyini deyib. Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizə və “yaşıl enerji”yə keçid sahəsindəki töhfəsini vurğulayan dövlət naziri yaxın tərəfdaş ölkə kimi Azərbaycanla qlobal gündəlikdə dayanan məsələlərin həlli istiqamətində əməkdaşlığı daha da genişləndirmək əzmini ifadə edib. Ölkələrimiz arasında mədəni münasibətlərdən bəhs edərkən Qarabağ atlarının ənənəvi olaraq Vindzor Atçılıq Şousunda iştirakını xüsusi vurğulayıb.

Dövlət naziri Kleverli dünyada cərəyan edən proseslərə toxunaraq bu fonda Azərbaycan xalqının da Qara Yanvarın nümunəsində belə faciələr yaşadığını xatırladıb. O, təmsil etdiyi hökumət adından Azərbaycan xalqı və hökuməti tərəfindən Ukraynaya göstərilən humanitar yardıma görə təşəkkür edib və bunu yüksək qiymətləndirib.

Daha sonra çıxış edən səfir Elin Süleymanov ötən 30 il ərzində Azərbaycan ilə Birləşmiş Krallıq arasında enerji sahəsində əməkdaşlıq başda olmaqla, hərtərəfli və dinamik tərəfdaşlıq münasibətlərinin qurulduğu, hər iki ölkənin regionun enerji mənzərəsini tamamilə dəyişdiyini qeyd edib. O, bu günlərdə diplomatik münasibətlərin 30 illiyi münasibətilə Prezident İlham Əliyev və Baş nazir Boris Conson arasında məktub mübadiləsinin əhəmiyyətini və bu məktublarda verilən mesajları xüsusi vurğulayıb. Səfir Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə göstərdiyi ardıcıl dəstəyə görə Birləşmiş Krallığa minnətdarlığını ifadə edib.

Mövcud dinamik münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş potensialın olduğu və hər iki ölkənin enerji keçidi, iqlim dəyişikliyi ilə mübarizə, ərazilərin minalardan təmizlənməsi və bərpası istiqamətləri üzrə birgə əməkdaşlığı davam etdirmək əzmində olduğu diqqətə çatdırılıb. Səfir, həmçinin Britaniyadakı azərbaycanlı icmasının fəallığını və cəmiyyətlər arasındakı münasibətlərin möhkəmlənməsindəki rolunu yüksək qiymətləndirib.

Parlamentin Azərbaycan qrupunun sədri Bob Blekmen Azərbaycan-Birləşmiş Krallıq münasibətlərini xüsusilə parlament istiqamətində inkişaf etdirməkdə davam edəcəyini bildirərək, Azərbaycanı dini tolerantlıq ənənələri, qadınların hüquqları və cəmiyyətdə rolu baxımından nümunəvi ölkə kimi xarakterizə edib.

BP şirkətinin nümayəndəsi Luiz Kingem adıçəkilən şirkətin Azərbaycanla tərəfdaşlıq münasibətlərini şirkətin ən uğurlu əməkdaşlıq münasibətlərindən biri kimi xarakterizə edərək, Azərbaycanla əməkdaşlıq şəraitində region üçün vacib enerji layihələrinin icra edildiyini bildirib. O, eyni zamanda, bu il BP şirkətinin də Azərbaycanla əməkdaşlığının 30 illiyinin qeyd edildiyini vurğulayıb. BP-nin xaricdəki ən iri layihələrindən birinin məhz Azərbaycanda həyata keçirildiyini və təmsil etdiyi şirkətin ölkəmizlə tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Bu əməkdaşlığın bundan sonra davam etdiriləcəyi, xüsusilə təmiz enerjiyə keçid, bərpaolunan enerji resurslarının inkişafı kimi sahələrdə BP-nin ölkəmizlə faydalı əməkdaşlıqda maraqlı olduğu vurğulayıb.

 

Aynurə Tağıyeva

Xudaferin.eu

12:58