Banqladeş parlamentinin sədri: Ölkəmiz Azərbaycanla bir çox sahələrdə əlaqələrin qurulmasında maraqlıdır

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Banqladeş Xalq Respublikası parlamentinin sədri Şirin Şarmin Çaudhuri ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Sahibə Qafarova Banqladeşin həm Qoşulmama Hərəkatı, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsində ədalətli mövqeyinin dəstəkləməsinin yüksək qiymətləndirildiyini deyib.

Milli Məclisin sədri ölkələrimiz arasında müsbət münasibətlərin mövcud olduğunu qeyd edərək, müxtəlif səviyyələrdə və sahələrdə qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkələrimiz arasında hüquqi bazanın genişləndirilməsi daha sıx əlaqələrin qurulmasına töhfə verir. Həmçinin parlamentlərimiz arasında qarşılıqlı əməkdaşlıq dövlətlərimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərə bilər.

Banqladeş Xalq Respublikası parlamentinin sədri Şirin Şarmin Çaudhuri ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini söyləyib, bu məqsədlə bir çox sahələrdə əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin daha da genişləndirilməsinin münasibətlərin dərinləşməsi üçün yaxşı imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.

Şirin Şarmin Çaudhuri Banqladeş parlamentinin Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrə böyük önəm verdiyini bildirib. O, bu ölkənin nümayəndə heyətinin Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etdiyini xatırladıb, tədbirdə qaldırılan məsələlərin əhəmiyyətindən danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xudaferin.eu

23:18