“Bakı Ankara ilə hərəkət edəcəksə, Moskva reallıqla barışacaq” - Politoloq

“Rusiyanın bundan başqa Azərbaycana hər hansı ciddi təzyiqlər edəcəyini düşünmürəm”

Türkiyə ilə son yaxınlaşmaların Azərbaycanı Rusiyanın hədəfinə çıxara biləcəyinə dair iddialar yayılmaqda davam edir. RF prezidenti Vladimir Putinin bu iki türk dövlətinin ittifaqından qeyzlənərək, Azərbaycana qarşı davranışlar sərgiləyəcəyi haqda da danışanlar var.

Zatən Rusiya bizə hər addımda pislik edir, ondan qorxmağın faydası yoxdur, amma indiki məqamda tədbirli olmağı təklif edənlər də az deyil.

Rusiyadan belə bir təhlükə varmı?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin Cənubi Qafqaz siyasəti daim Azərbaycan üçün də təhlükəsizlik baxımından önəmli olub: “Həmçinin Türkiyə bu regionda güclənməklə, Mərkəzi Asiyaya açılmaqla, bir növ Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmini istiqamətdə mühüm rol alacağı kimi dəyərləndirilib. Məhz Ermənistanın Tovuz təxribatlarından sonra Azərbaycana qarşı bir təzyiqlərin olması regionda enerji-nəqliyyat layihələrini də  təhlükəyə atırdı. Türkiyənin Tovuz təxribatlarından dərhal sonra hərəkətə keçərək, prinsipial şəkildə Azərbaycana dəstək verəcəyini vurğulaması regiona gələcəyinin anonsu idi: ”Rusiya Cənubi Qafqazı öz “arxa bağçası” hesab etdiyi üçün Kremlin burada Ankaranın varlığından narahat olacağı istisna deyil. Buna baxmayaraq, Azərbaycanın təhlükəsizliyi riskdə olduğu üçün Ankara düşünmədən hərbi təlimlərə başladı. Bu təlimlər regionda böyük miqyasda keçirilməklə, Moskva və İrəvana ciddi mesaj xarakterli idi. Türkiyə hərbi rəhbərliyinin nümayəndə heyəti ilə ölkəmizə gəlişi və iki ölkə arasında ikitərəfli hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni müqavilələrin bağlanması üçün danışıqlar, təbii ki, Ankaranın regionda daim qalacığına hesablanır. Əlbəttə ki, Azərbaycan ölkəmizin ərazi bütövlüyünün təmini üçün Türkiyə ordusunun ölkəmizdə qalmasında hesab edirəm ki, maraqlıdır. Çünki yüksək səviyyədə verilən bəyanatlar buna hesablanırdı. Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi, təbii ki, Rusiyanı ciddi narahat edir. Rusiya hərbi donanmasının Xəzər dənizində hərəkətliliyi və bir hərbi freqatın Bakı buxtasında lövbər salması bu narahatlığın təzahürü idi. Rusiyanın bundan başqa Azərbaycana hər hansı ciddi təzyiqlər edəcəyini düşünmürəm. Onsuz da Qarabağda işğala dəstək verməklə, danışıqları tormozlayıb, Tovuz təxribatlarında Ermənistana tonlarla silah-sursat göndərdi. Ermənistanı əlində saxlamaqla Azərbaycana təzyiq etməyə çalışır".

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

 

Məhəmməd Əsədullazadə

Politoloq hesab edir ki, şübhəsiz, Azərbaycan ayıq-sayıq olmalı, bütün təhlükələrə qarşı öz gücünü artırmalı, Türkiyə ilə birgə şəkildə çalışmalıdır: “Xüsusən də daxilimizdə Rusiyaya bağlı qüvvələr diqqətə alınmalı, onlar tədricən neytrallaşdırılmalıdır. Daxildə müəyyən qüvvələr var ki, onlar Rusiyanın ölkəmizdə güclənməsinə çalışırlar. Məhz Bakı buxtasında Rusiya freqatının qarşılanması bunun təzahürüdür. Hesab edirəm ki, Azərbaycan dövləti Türkiyə ilə birgə Rusiyanın mümkün təzyiqlərinin qarşısını alacaq. Bundan sonra rəsmi Bakı Ankara ilə hərəkət edəcəksə, Moskva reallıqla barışacaq. Rusiya Türkiyənin maraq dairəsində olan Suriyada fəaliyyət göstərirsə, Ankara niyə öz təbii müttəfiqinin yanında olmasın, Cənubi Qafazda möhkəmlənməsin? Artıq yeni bir siyasi platforma qurulub. Bu, Türkiyə-Azərbaycan siyasi platformasıdır”.

xudaferin.eu

 

11:54