Azərbaycanlı rəssamın İtaliyada sərgisi oldu - FOTO

İtaliyanın Salvatore Ferraqamo Muzeyində işləyən Kəmalə Zeynalovanın sərgisi böyük səs-küy yaradıb.

Musavat.com xəbər verir ki, Kəmalə Zeynalova bu günə qədər ölkəmizi xarici ölkələrdə layiqincə təmsil edib.

Rəssamın 14 noyabr “Women in love” mövzusu altında 30 əsəri ilə fərdi sərgisinin açılışı olub. 17 dekabra qədər davam edəcək sərgi Florensiyada yerləşən “Borghese Palace Art Hotel”in sərgi salonunda nümayiş olunur.

Məlumatlara görə İtaliyanın nüfuzlu sənət adamları tərəfindən sərgiyə böyük maraq var. Hətta mətbuatın da diqqət mərkəzindədir. Professor Domeniko Vigiano - “Accademia di Belle Arte”; Professor Fabrizio Borghini-“Toscana TV”, Professor Ugo Barlozzetti-“Critico d’Arte”; Federico Bali -“Direttore Borghese Palace ART Hotel” sərgidə yaxından iştirak edirlər.

Məlumat üçün bildirək ki, Kəmalə Zeynalova 16 dekabr 1990-ci ildə Bakı şəhərində anadan olub.

1997-2008-ci illərdə orta məktəbi oxuyub. Eyni illərdə Bakı Musiqi Akademiyasının nəzdindəki musiqi məktəbində fortepiano şöbəsində təhsil alıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Modelyer-rəssam fakültəsinə daxil olub və 2012-ci ildə bakalavr təhsilini müvəffəqiyyətlə başa vurub. 2012-ci ildə “Università per stranieri di Perugia” da italyan dili və italyan mədəniyyəti kurslarını bitirdikdən sonra həmin ildən başlayaraq “Accademia Italianada fashion design” 2 illik magistr təhsili alıb. ADRA-da oxuduğu müddətdə Azərbaycanda və digər xarici dövlətlərdə (Moskva, İstanbul, Kipr) müxtəlif sərgilərə qatılıb. Azərbaycan Rəssamlar İttifaqı , Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Təhsilini bitirdikdən sonra İtaliyada müxtəlif moda evlərində modelyer rəssam, rəssam dizayner kimi çalışıb.

Musavat.com

 

Xudaferin.eu
 

10:29