Azərbaycanlı deputat AŞPA sessiyasında Ermənistanın Gəncəyə raket zərbəsindən danışıb

Müsəlmanlara qarşı dözümsüzlük və ayrı-seçkilik yeni bir hadisə deyil, ancaq təəssüf olsun ki, son illər çoxalıb və daha geniş yayılıb. İslamofobiyanın yayılmasının səbəblərindən biri də Qərb mediasında İslama və müsəlmanlara qarşı yalan və qərəzli məlumatların yayılmasıdır. Bəzən ictimai-siyasi xadimlər də bu kampaniyalara qoşulur və Avropa qurumları bu məsələyə çox biganə yanaşırlar.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Pərvin Kərimzadə qurumun payız sessiyası çərçivəsində “Avropada islamofobiya və antimüsəlman irqçiliyi ilə bağlı maarifləndirmə və islamofobiyaya qarşı mübarizə” adlı məruzənin müzakirələri zamanı söyləyib. Bildirib ki, media nümayəndələri və hakimiyyətin açıqlamaları stereotiplərin formalaşması ilə nəticələnir. Beləliklə, Avropa ölkələrində müsəlmanlarla bağlı yanlış siyasət formalaşır. İslamofobiya humanizm prinsipini alt-üst edir və cəmiyyətin öz potensialını tam reallaşdırmasına mane olur. Bəzən öz ölkələrində müharibələrdən qurtulmaq, əmin-amanlıq şəraitində yaşamaq arzusu ilə Avropaya gedən müsəlman miqrantlar Avropada islamofobiya və ksenofobiya ilə üzləşirlər. Avropaya gələn kimi kimliklərindən imtina etməyə məcbur olurlar. Yaxud müsəlmanlara qarşı nifrət onların cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır ki, bu da bəzən onların radikal cərəyanlara qoşulması ilə nəticələnir.

“Radikallaşmış şəxslərin əksəriyyətinin İslam dini fanatikləri olduğuna dair stereotipin əksinə olaraq, müxtəlif araşdırmalar bu fikrin doğru olmadığını göstərir. Radikallaşma ilə mübarizə İslamla mübarizəyə çevrilməməlidir. İslamı terror dini kimi təqdim etmək yolverilməzdir. Terrorun və terrorçunun dini yoxdur. Beynəlxalq ictimaiyyət bu çağırışları nəzərə almalıdır. Avropada yaşayan müsəlman icmalarının ehtiyaclarını və ideyalarını nəzərdən keçirmək və qiymətləndirmək çox vacibdir. Əgər vahid və inklüziv cəmiyyəti yenidən qurmaq istəyiriksə, islamafobiyaya və dini ayrı-seçkiliklərə qarşı mübarizə aparmalıyıq”,-deyə P. Kərimzadə vurğulayıb.

Qeyd edib ki, Azərbaycan da bilavasitə islamofobiya ilə üzləşib. İşğal olunmuş ərazilərdə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın kənd və şəhərlərindəki bütün mədəniyyət və dini abidələri qəsdən dağıdıldığının şahidi oluruq. Məscidlərimiz donuz, inək tövləsinə çevrilib. İşğaldan azad edilmiş ərazilərdə yerləşən 67 məsciddən 65-i Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərində dağıdılmış məscid və kilsələri bərpa edir. Bu gün Ermənistan silahlı qüvvələrinin mənim doğma şəhərim, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirməsi ilə nəticələnən faciənin ikinci ildönümüdür. Həmin vaxt Gəncə döyüş bölgəsindən təxminən 80 km aralıda yerləşirdi. Raket hücumu zamanı körpələr, qocalar və qadınlar həlak olub. Müsəlman abidəsinə və xristian kilsəsinə də ciddi ziyan dəyib.

Ermənilərin atdığı ballistik raket nəticəsində xəyalları qırılan 10 aylıq körpə, 15 yaşlı qız, məktəblilər həyatını itirib. Dörd uşaq hər iki valideynini itirib. Bu uşaqlara, qadınlara, qocalara heç kim ədalət istəmirdi! Ermənistanda da bu hərbi cinayətə görə indiyədək heç kim cavab verməyib.

Bildirib ki, islamafobiyaya qalib gəlməyin ən yaxşı yolu tolerantlıq və multikulturalizmdir və parlamentarilər birlikdə sülh, tolerantlıq və ədalət olan həqiqi dəyərləri təbliğ etməlidir.

Şəhla Ağalarova
Xudaferin.eu

15:19