Azərbaycanla Tacikistan arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov bu ölkənin Milli Məclisinin sədri, Düşənbə şəhərinin meri Rüstəm Emomali ilə görüşüb.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, R.Emomali öncə səfiri yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyəti dövründə iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirib.

Sədr iki dost ölkənin parlamentləri arasında əməkdaşlığın gələcək inkişafı və möhkəmlənməsini, çoxtərəfli qurumlar çərçivəsində qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib. R.Emomali parlamentlərarası işçi qrupları təmaslarının intensivliyinin önəmli olduğunu bildirib, bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. R.Emomali gələn il Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə dair yubiley tədbirlərinin yüksək səviyyədə keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Səfir iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb, bu baxımdan parlamentlərarası əlaqələrin xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Ə.Əskərov hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini vurğulayıb. Bu əlaqələrin müxtəlif platformalarda daha da genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə çatmaqda əhəmiyyətli rol oynaya biləcəyini deyib.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, iki ölkənin parlamentlərarası dostluq qruplarının mütəmadi görüşlərinin təşkili, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Qulu Kəngərli

Xudaferin.eu

14:27