Azərbaycanla İsveç arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov bu ölkənin parlamentinin - Riksdaqın spikeri Andreas Norlen ilə görüşüb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla İsveç arasında ikitərəfli münasibətlərin hazırkı durumu və bir sıra digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
İsveç-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan səfir Zaur Əhmədov bu il əlaqələrimizin 30 illik yubileyi münasibətilə hər iki ölkədə müvafiq tədbirlərin keçiriləcəyini bildirib. Ölkələrimiz arasında diplomatik münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri haqqında da söz açan diplomat bir sıra sahələr üzrə əlaqələrin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu ifadə edib.
Görüşdə postmünaqişə dövründə Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində gedən proseslər, regionun gələcək inkişafı üçün Şimali Avropa əməkdaşlıq modelinin Qafqaz regionu ölkələrində tətbiqinin mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycan ilə İsveç arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı üçün yollarının nəzərdən keçirildiyi görüşdə ölkələrimiz arasında siyasi dialoqun davamlılığının təmin olunması ilə yanaşı, beynəlxalq miqyasda da əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Rauf Əliyev

Xudaferin.eu

20:36