Azərbaycanın xarici işlər nazirinin müavini İsveçdə səfərdə olub

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev mayın 18-19-da İsveç Krallığında işgüzar səfərdə olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində o, İsveçin xarici işlər naziri Ann Linde, İsveç parlamentinin spikeri Andreas Norlen və xarici işlər nazirinin müavini Maqnus Nilson ilə görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycan ilə İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün hər iki paytaxtda silsilə tədbirlərlə qeyd olunmasının önəmi vurğulanıb, ikitərəfli münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri müzakirə edilib, Cənubi Qafqazda post-münaqişə dövründə gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.
İsveç Beynəlxalq Məsələlər İnstitutu, Stokholm Şərqi Avropa Araşdırmaları İnstitutu (SCEEUS) və Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) rəhbərləri və tədqiqatçıları ilə keçirilmiş dəyirmi masalarda əsas müzakirə mövzusu postmünaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri və bu xüsusda beynəlxalq tərəfdaşların oynaya biləcəyi rol ətrafında olub.
Səfər çərçivəsində Azərbaycanla İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Stokholmun Nobel Mükafatı Muzeyində İsfar Sarabski Caz Triosunun konserti və diplomatik qəbul keçirilib. İki ölkənin xarici işlər nazirlərinin müavinləri Fariz Rzayev və Maqnus Nilson tədbirlərdə iştirak ediblər.

Xudaferin.eu

23:23