Azərbaycanın və regionun qarşısında yeni perspektivlər açılıb

Son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail oldu. Ölkəmiz 44 günlük Vətən müharibəsi dövründə işğalçı Ermənistanı döyüş meydanında darmadağın edərək kapitulyasiya aktına imza atmağa məcbur etdi. Beləliklə, Azərbaycanın öz qüdrəti ilə yaratdığı yeni situasiya regionda vəziyyəti tamamilə dəyişdirdi. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən bildirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirib. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov bildirib.

O deyib: “Əlbəttə, sözügedən yeni reallıq həm də bir sıra məqamların üzərinə işıq saldı. Əvvəla, Azərbaycan sübuta yetirdi ki, “münaqişənin hərbi həll variantı yoxdur” deyənlər tamamilə səhv mövqedədirlər. Prezident İlham Əliyev bu zamana qədər dəfələrlə qeyd etmişdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır, amma Ermənistan işğal etdiyi torpaqlardan çıxmasa, biz məsələni hərbi yolla həll edəcəyik. Elə məhz bu cür oldu. Birincisi, Ermənistan işğalçı siyasətini, təcavüzkar mövqeyini davam etdirdi, yeni təxribatlara əl atdı. İkincisi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri qətiyyətli mövqe ortaya qoymadılar. Onların işğalçı ilə işğala məruz qalan tərəf arasında heç bir fərq qoymaması, qərəzli mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. Bir tərəfdən Ermənistanın ardıcıl təxribatları, digər tərəfdən ATƏT-in Minsk qrupunun cılız mövqeyi Azərbaycan xalqının səbrinin tam tükənməsinə səbəb oldu. Beləliklə, Azərbaycan əks-hücum əməliyyatları ilə münaqişənin həllini təmin etdi, torpaqlarımız işğaldan azad edildi. Minsk qrupu isə yararsız və səmərəsiz qurum kimi yadda qaldı.

Bundan sonra Azərbaycanın və regionun qarşısında yeni perspektivlər açılıb. Prezident İlham Əliyev ölkəmizin gələcəklə bağlı aydın baxışları olduğunu qeyd edib. Qarşıdakı dövrdə Azərbaycan, ilk növbədə, regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə yeni iqtisadi canlanma vəd edir. Naxçıvanla Azərbaycanın digər hissəsi arasında quru yolla əlaqənin təmin edilməsi, yeni əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi həm ölkəmiz, həm də onun tərəfdaşları üçün geniş imkanlar yaradır”.

Xudaferin.eu

14:09