Azərbaycanın Serbiyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

Avqustun 25-də Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev etimadnaməsini Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçə təqdim edib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, Prezident A.Vuçiç yeni fəaliyyətində səfirə uğurlar arzulayıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ən xoş diləklərini çatdırmağı xahiş edib. O, ölkələrimiz arasında mövcud olan, strateji tərəfdaşlıq əsasında qurulmuş münasibətlərin ən yüksək səviyyədə olduğunu və Azərbaycanın dinamik inkişafı, xüsusilə də iqtisadi inkişaf sahəsindəki uğur və nailiyyətlərinin çox heyranedici olduğunu qeyd edib.
Serbiya Respublikasının Prezidenti, həmçinin bu il iyulun 25-27-də Serbiya xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinin çox məhsuldar keçdiyinə görə Azərbaycana təşəkkürünü ifadə edib.
Səfir K.Xasiyev Prezident A.Vuçiçə xoş və səmimi sözlərinə görə təşəkkür edib və Azərbaycan Respublikasının dost Serbiya Respublikası ilə bütün sahələrdə, o cümlədən iqtisadi, mədəni, təhsil və humanitar sahələrdə əməkdaşlıq etməyə maraqlı olduğunu vurğulayıb. Bu baxımdan Hökumətlərarası Komissiyanın Bakıdakı son iclasının faydalı olduğunu bildirib.
Görüşün sonunda səfir K.Xasiyev səmimi qəbula görə Prezident A.Vuçiçə bir daha təşəkkür edib.
Daha sonra səfir K.Xasiyev və səfirliyin əməkdaşları Belqradda yerləşən “Taşmaydan” parkına gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin burada ucaldılmış abidəsini ehtiramla yad edib, önünə gül dəstələri düzüb.
Sonra səfir həmin parkda görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik" abidəsini ziyarət edib, hər iki abidənin önünə gül dəstələri qoyub.

Xudaferin.eu

14:22