Azərbaycanın İƏT-ə üzvlüyünün 30 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv olmasının 30 illiyi münasibətilə təşkilatın Ciddədəki mənzil-qərargahında rəsmi tədbir təşkil olunub.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, tədbirdə çıxış edən İƏT-in Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Azərbaycanı təşkilata üzv olmasının 30 illiyi ilə bağlı təbrik edərək son illər ərzində münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, Azərbaycanın ən fəal üzvlərdən olduğunu vurğulayıb. Baş katib ölkəmizə etdiyi hər səfərində Azərbaycanda böyük dəyişikliklərin baş verdiyinin şahidi olduğunu söyləyib, ölkəmizin bugünkü turizm imkanlarının müsəlman dünyası üçün çox böyük əhəmiyyət daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İƏT-in Baş katibi cari il aprelin 8-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunduğuna görə bir daha dərin minnətdarlığını bildirib, dövlətimizin başçısı ilə görüşləri zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı dəfələrlə müzakirələrin aparıldığını diqqətə çatdırıb. O əlavə edib ki, məhz Prezident İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində 30 ilə yaxın müddətdən sonra Azərbaycanın haqq işi olan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub, ədalət bərqərar olub.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Şahin Abdullayev ölkəmizin İƏT-lə münasibətlərinin inkişafının xarici siyasət kursunda prioritet istiqamətlərdən olduğunu və strateji əhəmiyyət kəsb etdiyini qeyd edib. O bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət edib və 1991-ci il dekabrın 8-də Təşkilata tamhüquqlu üzv qəbul edilib.

Ş.Abdullayev artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan münaqişəsinin həllinin təşkilat tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr əsasında daim dəstəkləndiyini, İƏT xarici işlər nazirləri şuralarının illik sessiyaları zamanı siyasi vəziyyətdən asılı olaraq ölkəmizi dəstəkləyən sözügedən qətnamələrin mütəmadi olaraq yeniləndiyini diqqətə çatdırıb. O qeyd edib ki, təşkilat “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək verib, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən qırğını “soyqırımı aktı” və “insanlığa qarşı törədilmiş cinayət” kimi tanıyıb.

Azərbaycanla İƏT arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyən diplomatımız ölkəmizin təşkilata üzv olduğu gündən etibarən İƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyini, eyni zamanda, 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması ilə başa çatan 44 günlük Vətən müharibəsi dövründə regionda gedən hərbi əməliyyatları və cərəyan edən hadisələri çox diqqətlə izlədiyini və bu müddət ərzində Ermənistanı qəti şəkildə pisləyən 6 bəyanatla çıxış edərək, Azərbaycanın haqq işinə öz dəstəyini bir daha göstərdiyini vurğulayıb. Bundan əlavə, Ş.Abdullayev Vətən müharibəsindən sonra işğaldan azad olunmuş əraziləri, həmçinin müharibə bölgəsindən uzaqda yerləşən ərazilərdə mülki əhali və infrastrukturu hədəfə alan raket hücumları nəticəsində dağıdılmış yerlərdə faktaraşdırıcı missiyanın həyata keçirilməsi məqsədilə 2021-ci il aprelin 5-10-da Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT-in Təmas Qrupunun, 2021-ci ilin sentyabrın 22-25-də isə İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (IPHRC) Azərbaycanda rəsmi səfərdə olduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra tədbir iştirakçılarına Azərbaycan-İƏT münasibətlərinin 30 illik inkişafını əks etdirən videoçarx nümayiş etdirilib, ölkəmiz haqqında müxtəlif kitab və jurnallar yayılıb.

Tədbir ziyafətlə davam edib.

Oqtay Bayramov

Xudaferin.eu

16:21