Azərbaycanın irəli sürdüyü layihələr bölgənin bütün dövlətlərinin iqtisadi maraqlarının təmin olunmasına hesablanıb

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra regionda bir çox nəhəng layihələrin təşəbbüskarı olub və bunlar ölkəmizin liderliyi ilə reallaşıb. Azərbaycanın irəli sürdüyü layihələr hər zaman bölgənin bütün dövlətlərinin iqtisadi maraqlarının təmin olunmasına və birgə əməkdaşlığa hesablanıb. Bu layihələrdən kənarda qalan yeganə dövlət Ermənistan olub. Nəticə etibarı ilə bölgənin inkişaf edən dövlətləri ilə Ermənistan arasında yaranan fərqli görüntünün izaha ehtiyacı yoxdur. Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasını ehtiva edən təşəbbüsü də dövlətimizin siyasi və iqtisadi maraqlarını ehtiva etməklə yanaşı bölgədə əməkdaşlıq üfüqlərini genişləndirməyə təkan verəcək. Tarix sübut edir ki, Azərbaycanın irəli sürdüyü layihələr hər zaman alternativliyi özündə ehtiva edir. Bir sözlə Prezident İlham Əliyevin diplomatik səriştəsi, uzaqgörənliyi nəticəsində Azərbaycanın irəli sürdüyü layihələrin həyata keçirilməsi heç vaxt sual altına düşmür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
O bildirib ki, Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu isə bu uzaqgörənliyin, diplomatik səriştənin bir daha əyani sübutu oldu. Beynəlxalq və regional münasibətlər fonunda mühüm qərarlar qəbul edən Bakı bu dəfə də sözünün imzası qədər keçərli olduğunu sübuta yetirdi. Bakı və Tehran arasında bağlanan Memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Eyni zamanda, Memorandumun icrası ilə bağlı xərclər də ərazilərə uyğun olaraq Azərbaycan və İran tərəfindən ödəniləcək. Bu məqam isə hər iki ölkənin bu anlaşmada bərabər səviyyədə maraqlı tərəf olduğunu sübuta yetirir. Memoranduma diqqət etdikdə məlum olur ki, anlaşma kifayət qədər əhatəlidir. Belə ki, yeni kommunikasiya bağlantıları avtomobil və dəmir yollarını, rabitə və enerji təminatı xətlərini, eyni zamanda, infrastrukturunu nəzərdə tutur.
“İran ərazisi vasitəsilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihə hesab olunur. Ermənistan ötən dövrdə Zəngəzur dəhlizinin yaradılmasına maneə oldu, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Halbuki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi. Ermənistan elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı. Ermənistan rəhbərliyinin hesablamaları isə özünü doğrultmadı. Azərbaycan növbəti diplomatik gedişlə bu dəfə də Ermənistanı dalana dirədi. Nəticə etibarı ilə Ermənistan bu şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı. Azərbaycan bu layihə ilə, eyni zamanda, İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır. Bu isə ölkəmiz üçün yeni imkanlar yaradır və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu bir qədər də artırır”, - deyə Cəsarət Hüseynzadə qeyd edib.

Xudaferin.eu

16:12