Azərbaycanın İrandakı səfiri Təbrizdə olub

Fevralın 19-da Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Təbrizə səfəri çərçivəsində İranın Şərqi Azərbaycan vilayətinin valisi Zeynalabdin Abidin Xorrəm ilə görüşüb.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, görüşdə İran ilə Azərbaycanın regionları arasındakı əlaqələrin inkişafı müzakirə edilib. İranın qonşu ölkələrlə əlaqələrini inkişaf etdirmək siyasətini dəyərli adlandıran səfir, Azərbaycan Prezidenti İlham Əliyevin İranla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi Zəfəri ilə azad olunmuş torpaqlarda başlanan bərpa və quruculuq işlərindən bəhs edən səfir Əli Əlizadə, bu Qələbə nəticəsində 132 kilometr İran-Azərbaycan sərhədi boyunca azad edilmiş Azərbaycan ərazilərinin də yeni reallıqlar və əməkdaşlıq üçün bir çox imkanlar yaratdığını bildirib. Səfir İran şirkətlərini, xüsusən Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən şirkətləri, iş adamlarını Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə sərmayə yatırmağa, quruculuq işlərində yaxından iştirak etməyə dəvət edib.

Nəzərə çatdırılıb ki, işğaldan azad edilən ərazilərdə sənaye parkları, iqtisadi zonalar yaradılıb, bu ərazilərdə fəaliyyət göstərən şirkət və iş adamları üçün güzəştli imkanlar verilib. Həmin ərazilərdə “ağıllı” kənd və şəhərlərin, “yaşıl enerji” zonalarının da yaradıldığını qeyd edən səfir bir neçə ildən sonra bu ərazilərin Azərbaycanın qabaqcıl və inkişaf etmiş regionuna çevriləcəyini bildirib.

Martın 10-11-də Bakıda Azərbaycan ilə İran arasında müştərək iqtisadi komissiyanın iclasının keçiriləcəyini bildirən Ə.Əlizadə digər məsələlərlə yanaşı, Şərqi Azərbaycan Vilayəti ilə Azərbaycanın həmsərhəd ərazilərindən yeni sərhəd-keçid məntəqələrinin açılması, vilayətin Traktorsazi zavodunun istehsal müəssisəsinin azad olunmuş ərazilərimizdə yaradılması imkanlarının da müzakirə olunacağını bildirib.

Yaxın zamanlarda Bakı–Tehran reysinin yenidən fəaliyyətə başlayacağını bildirən Əli Əlizadə, pandemiya şəraitinin daha da yaxşılaşması ilə növbəti mərhələdə Təbriz və Bakı arasında birbaşa hava reysinin bərpasının da hər iki ölkənin aidiyyəti orqanları tərəfindən nəzərdən keçiriləcəyini bildirib.

İranın Şərqi Azərbaycan vilayətinin valisi Abidin Xorrəm nəzərə çatdırıb ki, İran Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Vilayətin şirkətləri azad edilən ərazilərdə aparılan quruculuq işlərində iştirak etməyə hazırdırlar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirə aparılıb.

Rabil Kətanov

Xudaferin.eu


 

23:22