Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Şuşanın azad edildiyi gün Prezident İlham Əliyevin bəyanatı Şuşa şəhərinin və onun tarixi-mədəni irsinin Azərbaycan xalqı üçün əhəmiyyətini gözəl əks etdirir

Məlum olduğu kimi, 2020-ci ilin noyabr ayında Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhəri işğaldan azad ediləndən sonra şəhərin infrastrukturunun yenidən qurulması və mədəni abidələrin bərpası üzrə intensiv işlər davam edir. Cari ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib. Azərbaycanın Qarabağ bölgəsində ədalətin bərpa olunması bədxah qonşularımızı narahat edir. Bu səbəbdən erməni siyasətçilər, diplomatlar və erməni diasporunun təcavüzkar üzvləri fasiləsiz ah-zar edirlər.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibinin ünvanına Yerevanın fasiləsiz iddiaları ilə əlaqədar Ermənistanın Azərbaycana qarşı pozucu siyasəti və otuz illik təcavüzü, Şuşada, Azərbaycanın Qarabağ regionunun digər şəhərlərində və Ermənistanın özündə Azərbaycanın mədəni irsinin dağıdılması, həmçinin reallığı əks etdirən tarixi və hüquqi faktlar barədə məktub göndərib.

Məktubda deyilir ki, Ermənistanın hakimiyyət orqanları və nümayəndələri saxtalaşdırma və insinuasiya məhsullarını paylaşmaqdan əvvəl azərbaycanlı əhalinin və Ermənistanın özündə bu əhalinin tarixi və mədəni irsinin faciəli taleyini yadda saxlamalıdır. Məlum olduğu kimi, 1920-ci illərdə bu regionda sovet hakimiyyəti qurulana qədər indiki Ermənistan ərazisində - Azərbaycanın İrəvan xanlığında yarım milyondan çox azərbaycanlı yaşayırdı. O vaxtdan bu əhali öz əzəli torpaqlarından ardıcıl şəkildə sıxışdırılıb çıxarılıb. 1980-ci illərin sonunda orada qalmış 200.000-dən çox azərbaycanlı əhali Ermənistan ərazisindən amansızcasına qovulub, Azərbaycanın tarixi və mədəni irsi ardıcıl və məqsədyönlü şəkildə məhv edilib. 1980-ci illərin sonuna qədər salamat qalmış abidələr, binalar və dini obyektlər isə onların Azərbaycana məxsus olmasının izini itirmək məqsədilə sonrakı dövrdə ya dağıdılıb, ya da qondarma “rekonstruksiya”ya məruz qalıb. Bütün Ermənistan ərazisində Azərbaycana aid olan tarixi yerlərin hamısının adları dəyişdirilib, ölkədəki Azərbaycan qəbiristanlıqları dağıdılıb və murdarlanıb. Bu əməllər Ermənistanda dövlət səviyyəsində həyata keçirilən zorakı irqçilik siyasətinin aşkar təzahürü idi. Ermənistanın təqribən 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində həyata keçirdiyi analoji qərəzli hərəkətlər buna əyani sübutdur.

Məktubda daha sonra deyilir ki, 1990-cı illərin əvvəlində Ermənistan ərazisində yaşayan bütün azərbaycanlılar oradan qovulduqdan sonra Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başlayıb və zor tətbiq etməklə, beynəlxalq hüquq normalarını pozmaqla Azərbaycanın suveren ərazilərini – keçmiş Dağlıq Qarabağ Muxtar vilayətini, ona bitişik yeddi rayonu (Ağdam, Füzuli, Qubadlı, Kəlbəcər, Laçın, Cəbrayıl və Zəngilan rayonlarını), Qazax rayonundakı yeddi kəndi (Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı və Yuxarı Əksipara kəndlərini), habelə Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal edib.

Azərbaycanın Qarabağ regionunda işğal edilmiş ərazilərdən biri də Azərbaycanın tarixi və mədəni mərkəzi, müharibəyə qədər əhalisinin 98 faizi azərbaycanlılardan ibarət olan Şuşa şəhəridir.

Məktubda 1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa şəhərinin tarixi, bu şəhərin görməli yerləri və görkəmli yetirmələri barədə ətraflı məlumat verilib.

Azərbaycanlı diplomat qeyd edir ki, Şuşa şəhəri 1977-ci ildə Azərbaycan SSR-in Dövlət Tarix-Memarlıq Muzey-Qoruğu elan edilib. 1992-ci ilin may ayında erməni qoşunları tərəfindən Şuşanın işğal edilməsi nəticəsində şəhərdə və ətraf kəndlərdə 24.000 azərbaycanlıya qarşı etnik təmizləmələr aparılıb: 195 dinc sakin qətlə yetirilib, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, şəhər talan edilib və demək olar ki, tamamilə yandırılıb. BMT Təhlükəsizlik Şurası bu şəhərin işğal edilməsi ilə əlaqədar belə bir bəyanat verib ki, Təhlükəsizlik Şurası “atəşkəs haqqında sazişlərin pozulmasına görə dərin narahatlıq keçirir, bu pozuntular çoxsaylı insan tələfatına və ciddi maddi ziyana, habelə region ölkələri üçün ağır nəticələrə gətirib çıxarıb”. BMT TŞ bütün əlaqədar tərəfləri “zorakılığa son qoymaq üçün bütün zəruri tədbirləri görməyə” çağırıb. Lakin Ermənistan bu sənədi, eləcə də Təhlükəsizlik Şurasının sonrakı bəyanatlarını və qətnamələrini etinasız qarşılayıb, Ermənistan silahlı qüvvələri Azərbaycana hücumu, onun yeni ərazilərinin işğalını, getdikcə daha çox dinc sakini məhv etməyi və doğma yurdlarından qovub çıxarmağı davam etdiriblər. 1994-cü ildə atəşkəs haqqında razılıq əldə ediləndən sonra Ermənistan işğalın nəticələrini möhkəmlətmək və tutduğu əraziləri müstəmləkələşdirmək üçün hər cür səy göstərib.

Müharibə dövründə və işğal illərində Azərbaycanın işğal altında olan rayonlarının, şəhər və kəndlərinin əksəriyyəti yerlə-yeksan edilib. Təcavüzkarın əməlləri nəticəsində həmin ərazilərdə Azərbaycanın mədəni irsinə ciddi ziyan vurulub. Minlərlə mədəniyyət obyekti, o cümlədən dünya və milli əhəmiyyətli abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, sərgilər, rəsm qalereyaları, arxeoloji abidələr və kitabxanalar qarət edilib və dağıdılıb. Azərbaycanın dini obyektləri murdarlanıb: onların dini simvolları təhqir edilərək tövlə kimi istifadə edilib, salamat qalmış obyektlər talan edilib. Bundan əlavə, təqribən 40.000 muzey eksponatı və çoxsaylı digər mədəni əşyalar oğurlanıb və Azərbaycandan kənara aparılıb. Şuşa Xalça Muzeyindən oğurlanmış 160 qiymətli xalçadan 71-i 2021-ci il fevralın 20-də Yerevanda Aleksandr Tamanyan adına milli muzeydə - memarlıq institutunda sərgiyə qoyulub. Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Xudavəng monastır kompleksinin daxilində Arzu-Xatun kilsəsinin şərq divarındakı freska, habelə xaç, zəng və ikonalar oradan çıxarılaraq qanunsuz şəkildə Ermənistana aparılıb.

Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı törədilən, hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə bərabər tutulan mənasız dağıdıcı hərəkətləri, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını yalnız bir cür izah etmək olar – mədəni, tarixi və elmi məlumatları saxtalaşdırmaq, mədəniyyət obyektlərini mənimsəmək, işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərinin bütün əlamətlərini məhv etmək, bu ərazilərin demoqrafik tərkibini, bənzərsiz mədəniyyətini həmişəlik dəyişmək arzusu.

Y.Əliyev daha sonra qeyd edir ki, Azərbaycan onun tarixi və mədəni irsinə münasibətdə törədilmiş mənfur əməllərə beynəlxalq birliyin diqqətini dəfələrlə cəlb edib, Baş katibi, UNESCO-nu və digər beynəlxalq təşkilatları bu irsin qorunmasının təmin olunması üçün təcili tədbirlər görməyə çağırıb. 1992-ci ildə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndə heyəti Baş katibə müraciətlə Şuşanın məhv edilməsinə yol verməmək, onu gələcək nəsillər üçün qoruyub saxlamaq və Şuşanı işğal etmiş erməni silahlı dəstələrinin dərhal və tamamilə oradan getməsinə nail olmaq üçün öz təsirindən və nüfuzundan istifadə etməyə çağırıb. Lakin Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində UNESCO-nun qiymətləndirmə missiyasının həyata keçirilməsinə imkan verməyib. Hətta indi, müharibə başa çatandan sonra da Ermənistan UNESCO-nun və digər humanitar təşkilatların rolunu siyasiləşdirməkdə davam edir, onların öz mandatlarını və fəaliyyətini həyata keçirmələrinə müdaxilə etməyə çalışır, bu isə beynəlxalq hüquq normalarına açıq-aşkar ziddir.

2020-ci il sentyabrın 27-də Ermənistanın yeni təcavüz aktlarına cavab olaraq Azərbaycan əks-hücuma başladı və öz ərazilərinin işğalına son qoydu. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən azad edilməsi otuz illik silahlı münaqişənin başa çatdırılmasına yol açdı. Müharibə başa çatandan sonra Ermənistanın baş naziri Nikol Paşinyan etiraf etdi ki, Şuşa işğal dövründə ona görə dağıdılıb və boşaldılıb ki, o heç vaxt erməni şəhəri olmayıb. Siyasi müxalifət tərəfindən satqınlıqda ittiham edilən Paşinyanın bu ittihamlara cavab olaraq dediyi sözlərin əlavə şərhinə ehtiyac yoxdur: “Deyirlər ki, Şuşanı satıblar... Şuşanı kim satıb? Şuşa satılıbsa son otuz ildə satılıb, çünki Şuşa bədbəxt, simasız şəhər idi. Şuşa bizə lazım idimi? Əgər lazım idisə nəyə görə bu vəziyyətdə idi?”.

Müharibə başa çatandan dərhal sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdəki obyektlərin bərpasını və təmirini, o cümlədən münaqişə və işğal dövründə dağıdılmış və zədələnmiş tarixi və mədəni obyektlərin istinasız olaraq hamısının bərpa olunmasını özünün birinci dərəcəli vəzifəsi elan etdi. Hazırda azad edilmiş ərazilərdə təcrübəli mütəxəssislərin və memarların iştirakı ilə genişmiqyaslı işlər aparılır. Bununla əlaqədar bir faktı xatırlatmaq yerinə düşər ki, Beynəlxalq Məhkəmənin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya müvafiq müvəqqəti tədbirlər haqqında qərarında, o cümlədən Ermənistanın “irsinin dəyişdirilməsinin” qarşısının alınması və qadağan edilməsi barədə vəsatətini rədd edib, çünki həmin vəsatət əslində Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə yerləşən abidələrlə bağlı bütün bərpa işlərinin dayandırılmasına nail olmaq məqsədi güdürdü.

Hazırda Şuşa yenidən həyata qayıdır. Qısa müddətdə bir neçə tarixi və mədəni obyekt bərpa edilib, keçən il şəhərdə “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri keçirilib.

2021-ci il mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci il mayın 31-də “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu sənədlər Şuşa şəhərinin bərpası, qorunması, öyrənilməsi, inkişaf etdirilməsi və populyarlaşdırılmasına dair sonrakı hüquqi və təşkilati tədbirlərin müəyyən edilməsi məqsədilə qəbul olunub. Bu il Azərbaycan Şuşa şəhərinin əsasının qoyulmasının iki yüz yetmiş illiyini qeyd edəcək. Azərbaycan tarixində bu əlamətdar hadisə ilə əlaqədar 2022-ci il yanvarın 5-də Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib.

Y.Əliyev məktubunun sonunda yazır ki, Şuşanın azad edildiyi gün Azərbaycan Prezidenti İlham Əliyevin Bəyanatı bu şəhərin və onun tarixi-mədəni irsinin Azərbaycan xalqı üçün əbədi əhəmiyyətini çox gözəl əks etdirir. Y.Əliyev Prezident İlham Əliyevin bu sözlərini sitat gətirir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Xudaferin.eu

23:27