Azərbaycan Vətən müharibəsində möhtəşəm Zəfəri xalq-Prezident-ordu sarsılmazlığı ilə qazandı

Erməni faşizmi uzun illər ərzində xalqımıza qarşı düşmən siyasəti aparıb, torpaqlarımızı işğal edib, soydaşlarımızı əzəli-əbədi yurdlarından didərgin salıb. Qəsbkar dövlət Azərbaycan ərazilərində məskunlaşmaqla bərabər, hətta toponimlərimizi də dəyişib.

Erməni vəhşilərinin ölkəmizə yönələn cinayətləri tək bu qeyd edilənlərlə kifayətlənməyib. Qaniçən düşmən tərəfindən 1905-1907-ci və 1918-1920-ci illərdə yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib. İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan və Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq, yerlə bir edilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, Azərbaycanlıların öz tarixi-etnik yurdlarından didərgin salınmaları sovet dövründə də həyata keçirilib. Belə ki, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə daha 250 min azərbaycanlı öz doğma ev-eşiyindən qovulub. Bununla da Ermənistan monoetnik bir dövlətə çevrilib.

Beləliklə, 1988-ci ildə başlanan Qarabağ hadisələri, erməni ideoloqlarının “Dənizdən-dənizə Ermənistan” adlı sərsəm ideyası kənd və şəhərlərimizin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.

Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin 1998-ci ildə imzaladığı müvafiq fərmanla hər ilin 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

R.Mahmudov vurğulayıb ki, nəhayət, 30 il davam edən erməni faşizminə ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə son qoyuldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Silahlı Qüvvələrimiz qəsbkar Ermənistana cəmi 44 gün ərzində qalib gələrək, bir qərinəyə yaxın müddətdə işğal altında saxlanılan torpaqlarımızı düşməndən təmizlədi. Bununla da Azərbaycan özünün beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və suverenliyini təmin etdi, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücünə reallaşdırdı.

Yeri gəlmişkən, qeyd edim ki, Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci il martın 24-də təsis olunan ATƏT-in Minsk qrupu fəaliyyəti ərzində məsələnin həlli istiqamətində heç bir əməli addım atmadı, beləliklə, uzun bir dövr ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalan tərəfə eyni münasibət bəslənildi. Başqa sözlə, ikili standartlarla haqq-ədalətə göz yumuldu və beynəlxalq qətnamələr kağız üzərində saxlanıldı.

Torpaqlarımız işğal altında qalan uzun illər ərzində Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Digər bir mötəbər beynəlxalq təşkilat–BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik göstərdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənməli oldu.

Əslində, işğal dövründə beynəlxalq güclər tərəfindən susqunluq nümayiş etdirilməsi Ermənistanın getdikcə azğınlaşmasına, torpaqlarımızı işğalda saxlamasına, daim təxribatlar törətməsinə, beynəlxalq hüquq normalarına zidd bəyanatlar səsləndirməsinə, ən əsası isə status-kvonu qoruyub saxlamasına şərait yaradırdı.

Bir sözlə, beynəlxalq hüququn işləməməsi nəticəsində Ermənistan Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, bilərəkdən danışıqlar prosesinin format və mahiyyətini sarsıdır, atəşkəsi davamlı olaraq pozurdu. Azərbaycanın ötən il sentyabrın 27-də əks-həmlə əməliyyatları ilə İkinci Qarabağ müharibəsinə başlaması da məhz bununla bağlı idi.

Bu məqamda onu da xatırladım ki, Vətən müharibəsindən əvvəl uzun illər ərzində bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr tərəfindən Azərbaycana münaqişənin hərbi həllinin olmaması bildirilirdi. Lakin Prezident İlham Əliyev münaqişənin hərbi həllinin mövcudluğunu “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü təkbaşına gerçəkləşdirdi.

Rəşad Mahmudov qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm Qələbə Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin məntiqi nəticəsi idi. Eyni zamanda, bu Zəfəri şərtləndirən amillər sırasında ordumuzun güc-qüdrəti, döyüş ruhu və xalq-iqtidar vəhdəti xüsusi rol oynadı. Təbii ki, xalqımızın torpaq-yurd sevgisi, haqq-ədalət uğrunda mübarizə əzmi də erməni faşizminin məhvinə öz mühüm təsirini göstərdi. Bu, Azərbaycana qarşı başlanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü yazılmasında, dinc insanların təxribatlar zamanı evlərini tərk etməmələrində də özünü göstərdi. Nəhayət, bu, döyüşlər getdiyi dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin hər gün özünün rəsmi tviter səhifəsində, xarici televiziya kanallarına verdiyi müsahibələrdə hadisələrin gedişi ilə bağlı xalqa məlumat verməsində, ordumuzun nailiyyətlərini vətəndaşlarımızın diqqətinə çatdırmasında büruzə verdi. Müharibənin ilk günlərində Azərbaycanda yaşanan qələbə ruhu, xalq-Prezident-ordu sarsılmazlığı da ölkəmizi bütün dünyada haqq yolundan dönməyən, ədalət uğrunda mübarizədən çəkinməyən bir dövlət kimi tanıtdı.

Azərbaycanın gücü qarşısında məğlubiyyətə uğradığını açıq-aydın görən Ermənistanın son nəticədə havadarlarına bağladığı ümidlər də puç oldu. Düşmən son 30 ildə düşünürdü ki, “xilaskar”ları daim onun yanında olacaq, onunla birgə döyüşəcək. Lakin 44 günlük müharibədə Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq, Silahlı Qüvvələrimiz parlaq Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Beləliklə, Azərbaycanda milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Silahlı Qüvvələrimizin güc-qüdrəti düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan davamlı təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan tutduğu ədalətli yoldan çəkilmədi, öz haqq savaşında möhtəşəm Zəfər əldə etdi. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə, əfsanələrə birdəfəlik son qoyuldu.

Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın bir dövr ərzində qəsb etməklə və bununla da bir milyondan çox soydaşımızı doğma yurd-yuvasından didərgin salmaqla bərabər, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurub. Ermənistan bu müddətdə işğaldakı şəhər və kəndlərimizi xarabalığa çevirib, infrastrukturu tamamilə dağıdıb. Ümumiyyətlə, erməni faşizm bu barbarlıq, vandallıq nəticəsində Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurub.

“Ermənistan ordusunu acı məğlubiyyəti, döyüşlərdə darmadağın edilməsi görünür, düşmən ölkənin revanşist ünsürləri üçün dərs olmayıb. Amma onlar unutmamalıdırlar ki, qarşılarında Azərbaycanın “dəmir yumruğ”u bundan sonra hər zaman dayanacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Ermənistanda əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu “dəmir yumruq” yerindədir. Bizim səbrimizi sınamaq daha ağır nəticələr verə bilər. Rəsmi İrəvanın revanşist cəhdləri sadəcə intihar – Ermənistan dövlətçiliyinin sonu ola bilər. Düşmən bundan sonra öz gələcəyi haqqında düşünərkən, gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın...”, - deyə deputat əlavə edib.

Xudaferin.eu

 

16:05