Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini aradan qaldırdı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi ilə bağlı açıqlama yayıb.
 
Qeyd olunub ki, hərtərəfli inkişaf edən Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ölkələrimiz arasında viza sahəsində əməkdaşlığın dəyərləndirilməsini və xalqlarımızın sərbəst gediş-gəlişinin təmin edilməsi zərurətini şərtləndirir:
 
“Bu baxımdan, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir”.
 
Azərbaycan XİN tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota da ünvanlanıb:
 
“Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.
 
Türkiyə hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşları viza tələbindən azad edilmişdi. Viza tələbinin ləğvi qərarı Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafına növbəti əsaslı töhfə olacaq”.
 
xudaferin.eu

18:21