Azərbaycan şəhəri ilə Maastrixt şəhərinin qardaşlaşması müzakirə olunub

Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov bu ölkənin Maastrixt şəhərinin meri Annemarie Penne-te Strake ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Maastrixt və Azərbaycan şəhərləri arasındakı əlaqələrdən danışılıb. Maastrixt menecment ali məktəbi ilə ADA Universiteti arasında əməkdaşlıqdan, Azərbaycan quru meyvələrinin Maastrixt şirkəti tərəfindən satışından, bu şəhərdə hər iki ölkənin iş adamlarının iştirakı ilə keçirilmiş Azərbaycan-Niderland biznes forumundan söz açılıb.
Maastrixt və Azərbaycan şəhərlərinin qardaşlaşması, eləcə də şirkətlərin ölkəmizdə fəaliyyəti imkanları müzakirə olunub.
Mer Annemarie Penne-te Strake Bakı Limanı-Ələt azad iqtisadi zonası haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, 30 illik erməni işğalından azad olunmuş Azərbaycan torpaqlarında dövlət tərəfindən yaşıl enerji layihələrinə xüsusi önəm verilir. Maastrixtin bu sahədə müvafiq şirkətləri azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərində iştirak etməyə dəvət olunublar.
Maastrixt şəhərinin meri Annemarie Penne-te Strake bu məlumatlar üçün təşəkkürünü bildirib və ölkəmizin onlar üçün də maraqlı olduğunu deyib. Qeyd edib ki, şəhərlərində çoxlu azərbaycanlı tələbələr təhsil alır. Mer ticarət, sənaye və elm sahələrində birgə layihələrin həyata keçirilməsi imkanlarından danışıb.
Maastrixt şəhərinin meri və iş adamları ölkəmizə dəvət olunublar.

Şəhla Ağalarova

Xudaferin.eu

21:17