Azərbaycan səfirliyi Malayziya ictimaiyyətini ermənilərin Mahatma Qandiyə nifrətinin səbəbləri barədə məlumatlandırıb

Azərbaycanın Malayziyadakı səfirliyi bu ölkənin ictimaiyyətini ermənilərin Hindistanın müstəqillik lideri, dünya şöhrətli siyasi xadim Mahatma Qandiyə nifrətinin səbəbləri barədə məlumatlandırmaq məqsədilə sosial şəbəkələrdəki səhifələrində məlumat yayıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, ingilis və Azərbaycan dillərində yayılan “Ermənistanda sülh savadlılığı müşkülü” adlı məlumatda Yerevan şəhərinin mərkəzində qlobal miqyasda sülhə inamlı çağırışları ilə tanınan hindistanlı mütəfəkkir Mahatma Qandinin şərəfinə ucaldılmış abidənin bu il aprelin 28-də ermənilər tərəfindən yandırıldığı, onun üzərindəki xatirə lövhəsinin dağıdıldığı bir daha xatırladılır. Qeyd edilir ki, bu hadisə Ermənistan cəmiyyətinin şüuruna yeridilmiş tarixi nifrət refleksinin yeni nümunəsidir.

Baş vermiş bu vandalizm aktının səbəblərinin açıqlandığı yazıda bildirilir ki, bunun səbəbi bəsit olmaqla yanaşı, hər bir insanı hiddətləndirəcək qədər qərəzli mahiyyət daşıyır. “Yerevanın Alternativ Bələdiyyəsi” adlı ictimai təşkilatın hadisədən əvvəl öz feysbuk səhifəsində yazdığı status, əslində, aksiya iştirakçılarını motivasiya edən səbəbi aydın şəkildə göstərir: M.Qandi Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün müttəfiqi idi. Onun Türkiyənin tarixi liderinə bəslədiyi rəğbət ermənilər üçün dözülməz və qəbuledilməz həqiqətdir.

Yazıda qeyd edilir ki, erməni kütlə dünyanın gözünün içinə baxa-baxa plana uyğun olaraq heykəli yandırdı və bu təxribatçı aksiyanı yerinə yetirdi. Beynəlxalq ictimaiyyətin buna reaksiyası onları qətiyyən narahat etmədi. Çünki İkinci Dünya müharibəsi dövründə faşist qüvvələrinin əlaltısı kimi xidmət etmiş Qaregin Njde, eləcə də Monte Melkonyan kimi terrorçuların təntənəli təbliğinə və heykəllərinə qarşı beynəlxalq laqeydlik Ermənistan rəhbərliyinin gözünü elə örtüb ki, bu dəfə də hər hansı ciddi təzyiqlə qarşılaşmayacaqlarından əmindilər. Ermənistan XİN bir gün sonra verdiyi qısa və məzmunsuz açıqlama ilə bu biabırçı hərəkətdən yayınmağa çalışsa da, fakt öz faktlığında qaldı.

Məlumatda, həmçinin bildirilir ki, bu vandalizm aktı Ermənistan rəhbərliyi üçün sürpriz deyildi. “The Indian Express” nəşrinin yazdığına görə, hadisədən iki gün əvvəl, yəni, aprelin 26-da da müəyyən qruplar həmin heykəli yumurta “atəş”inə məruz qoymuşdular.

Eyni zamanda, vurğulanır ki, M.Qandi bu gün dünyada dözümlülüyü və sülhü aşılayan, xalqlararası münasibətlərdə hər cür zorakılığı rədd edən və humanizmin qətiyyətli təəssübkeşi olan siyasi xadim kimi təbliğ olunur. Onun sülh və mədəniyyətlərarası dözümlülük barədə çoxsaylı müdrik kəlamları var. Tanınmış sülh carçısının belə ifadələrindən birinə xüsusi yer verilib: “Dünyada həqiqi sülhə nail olmaq istəyirsənsə, uşaqlardan başla”. Bildirilir ki, böyük mütəfəkkirin bu çağırışı Ermənistanın siyasi ekstremistləri üçün heç bir məna kəsb etmir. Çünki “Quql map”ın də aydın şəkildə göstərdiyi kimi, M.Qandinin heykəlinin yerləşdiyi Halabyan və Marqayan küçələri arasındakı parkın yaxınlığında çoxsaylı təhsil və tərbiyə müəssisəsi fəaliyyət göstərir. Yəni, heykəl həyatı yeni öyrənməyə başlayan uşaqların əyləndiyi parkın yaxınlığında yerləşir. Sual yaranır ki, o zaman bu uşaqlar öz böyüklərindən hansı sülh ənənələrini, eləcə də hansı humanist dəyərləri, tolerantlıq və dözümlülük vərdişlərini öyrənəcəklər?

Vurğulanır ki, bu hadisəni törədən ata və analar, böyük bacı və qardaşlar həmin vandalizm aktını gələcək nəslə hələ uzun müddət “qəhrəmanlıq dastanı” kimi təqdim edəcəklər.

Məlumata Mahatma Qandinin heykəlinin yerləşdiyi ərazinin və abidənin yandırılmasının fotoları da əlavə edilib.

Vüqar Ağayev

Xudaferin.eu

15:56