Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Azərbaycanın Pakistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov etimadnaməsini bu ölkənin Prezidenti Arif Alviyə təqdim edib.

Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir Xəzər Fərhadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə çatdırıb.

Xəzər Fərhadov Pakistanda səfir kimi təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirərək, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan və Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə Prezidentinin rolunu xüsusi vurğulayıb.

Ölkələrimiz arasındakı mövcud əlaqələrdən bəhs edən səfir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilmiş humanitar və sosial yönümlü layihələr haqqında ətraflı məlumat verib.

Səfir Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini vurğulayaraq, Vətən müharibəsi dövründə Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi diqqətə çatdırıb və bu ölkənin hökumətinə və xalqına təşəkkürünü ifadə edib. Həmçinin Xəzər Fərhadov Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli ilə bağlı Pakistanın mövqeyinin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.

Səfiri təyinatı münasibətilə təbrik edən Pakistan Prezidenti Arif Alvi, Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Arif Alvi iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən söhbət açaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş humanitar layihələrin bu əlaqələrə xüsusi töhfə verdiyini vurğulayıb, eləcə də ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənərək dərinləşəcəyini əminliklə ifadə edib.

Pakistan Prezidenti 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edərək, Kəşmir məsələsində Azərbaycanın Pakistana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə, həmçinin yüksək səviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Xudaferin.eu


 

13:19